Beynəlxalq Enerji Agentliyi (IEA) 11 dekabrda may ayından bəri ilk dəfə olaraq gələn il üçün qlobal neft artıqlığı ilə bağlı proqnozunu aşağı salıb. Agentlik bunu dünya iqtisadiyyatının möhkəmlənməsi fonunda gözlənilən daha yüksək tələbat və sanksiya altındakı ölkələrdən təklifin azalması ilə izah edir.
Son aylarda neft qiymətləri IEA və digər analitiklərin yaxınlaşan təklif artıqlığı barədə xəbərdarlıqları səbəbilə təzyiq altında idi.
IEA-nın son aylıq hesabatına görə, 2026-cı ildə qlobal neft təklifi tələbi sutkada 3,84 milyon barel üstələyəcək. Bu rəqəm noyabr proqnozunda göstərilən 4,09 milyon barel təklifdən aşağıdır.
Bildirilir ki, 4 milyon barel qlobal tələbatın demək olar ki, 4%-i qədərdir və analitik proqnozlarının yuxarı həddinə yaxındır. Bu il təklifin kəskin artması əsasən OPEC+ ölkələrində hasilatın yüksəlməsi, həmçinin ABŞ və digər istehsalçı ölkələrdə artan hasilatla bağlıdır.
Gömrük rüsumlarının azalması fonunda artan tələbat
IEA qlobal tələbatın artımı ilə bağlı proqnozlarını makroiqtisadi göstəricilərin yaxşılaşması və tariflərlə bağlı narahatlıqların əhəmiyyətli dərəcədə azalması səbəbindən bu və gələn il üçün yüksəldib.
Agentliyin proqnozuna əsasən, 2026-cı ildə qlobal neft tələbatı sutkada 860 min barel artacaq. Bu, ötən aykı proqnozdan 90 min barel çoxdur.
2025-ci il üçün proqnoz isə 40 min barel artırılaraq 830 min barel/gün olub.
IEA bildirib ki, neftin ucuzlaşması və ABŞ dollarının dəyərdən düşməsi (dörd ilin minimumuna yaxın) gələn il neft tələbatının artmasına əlavə stimul verəcək. Tələbatın artımı əsasən OECD üzvü olmayan və makroiqtisadi şəraitdən daha çox asılı olan ölkələr tərəfindən təmin ediləcək.
IEA-ya görə, ABŞ ilə ticarət razılaşmaları iqtisadi gözləntilərin bərpasına kömək edib. Tariflə bağlı gərginlik ilin əvvəlində istehlakı zəiflətdikdən sonra bu addım müsbət təsir göstərib.
Sanksiyalar Rusiyanın və Venesuelanın ixracını azaldıb
Agentlik bildirir ki, 2025–2026-cı illərdə neft təklifi artımı əvvəlki proqnozlardan bir qədər aşağı olacaq, çünki Rusiyaya və Venesuelaya qarşı sanksiyalar onların ixrac imkanlarına mənfi təsir göstərir.
IEA gözləyir ki, gələn il qlobal neft təklifi 2,4 milyon barel/gün artacaq (ötən ay bu rəqəm 2,5 milyon barel idi).
OPEC+ ölkələri üçün hasilat proqnozları 2025 və 2026-cı illər üzrə aşağı salınıb, əsasən sanksiyaların yaratdığı fasilələr səbəbindən.
IEA-nın məlumatına görə, noyabr ayında qlobal neft təklifi Rusiyada və Venesuelada hasilatın azalması nəticəsində 610 min barel/gün aşağı düşüb.
Hesabata görə, Rusiya neft ixracından əldə olunan gəlirlər noyabrda 2022-ci ildən bəri ən aşağı səviyyəyə enib.
OPEC+ üzvü olmayan ölkələr üçün hasilat proqnozları dəyişməz qalıb, çünki Şimali və Cənubi Amerikada, o cümlədən ABŞ, Kanada, Braziliya, Qayana və Argentinada hasilat artır.
IEA əlavə edir ki, dünyada xam neftin bolluğu ilə yanacaq çatışmazlığının yanaşı mövcud olduğu “paralel bazarlar” tendensiyası hələ bir müddət davam edəcək. Bunun səbəbi Çindən kənarda emal güclərinin məhdudluğu və Aİ-nin xam neftdən əldə edilən Rusiya yanacağına qarşı tətbiq etdiyi sanksiyalardır.






