“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu ilin mart ayında neft hasilatının azaldılması üzrə razılaşmanı 113% yerinə yetiriblər. Fevralda bu göstərici 112% təşkil edib.
Ötən ay OPEC ölkələri razılaşmanı 124%, qeyri-OPEC ölkələri isə 93% yerinə yetirib. Rusiya razılaşma çərçivəsində öhdəliyini 95% icra edib.
IEA-in proqnozlarına görə, bu ilin mart ayında OPEC gündəlik neft hasilatını 25,05 mln. barelədək (210 min barel artım), qeyri-OPEC ölkələri isə bu göstəricini 14,7 mln. barelədək (60 min barel artım) çatdırıblar.
Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı qəbul edilmiş qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barel həcmində qalacağı, gündəlik xam neft hasilatının isə 595 min barel səviyyəsində saxlanılacağı nəzərdə tutulub.
“OPEC+” ölkələri nazirlərinin 15-ci iclasında isə gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 mln. barelədək artırılması ilə bağlı qərar qəbul edilib.
Yeni razılaşmaya əsasən, Azərbaycanın gündəlik xam neft hasilat kvotası 2021-ci ilin ilk 4 ayı üzrə götürdüyü könüllü hasilat öhdəliyindən (595 min barel) mayda 8 min barel və əlavə olaraq iyunda 7 min barel, iyulda isə 10 min barel artıq təşkil edəcəkdir. Ölkədə gündəlik xam neft hasilatı müvafiq olaraq mayda 603 min barel, iyunda 610 min barel və iyulda 620 min barel həcmində saxlanılacaq.