IELTS Listening-də uğur

0

Listening-in quruluşu. IELTS imtahani Listening bölməsi ilə başlayır. Listening üçün 40 dəqiqə ayrılır. 30 dəqiqə dinləyib sualları yazmaq, 10 dəqiqə cavab kartına köçürmək üçündür. 4 hissədən ibarətdir: birinci hissədə 2 nəfərin ümumi mövzuda müzakirəsi gedir. Bu hissədə ən çox tarix, ünvan, insan adları, telefon nömrəsi və ya söz işlənir. İkinci hissə bir nəfərin ümumi mövzuda monoloquna, üçüncü hissə iki nəfərin arasında akademik mövzunun müzakirəsinə, dördüncü hissə isə bir nəfərin akademik mövzuda monoloquna həsr olunub. Listeningdə forma doldurma(form completion), çoxvariantlı sual(multiple choice), cümlə tamamlama(sentence completion),), uyğunlaşdırma(matching), kiçik cavablı sual(short answer questions), plan-xəritə-diaqram tamamlama(plan-map-diagram completion) kimi altı sual tipi var. Bu sual tiplərindən üçündə uğurlu olmağın sirlərinə baxaq.

cvph
Müəllif: Lalə Soltanlı


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Forma tamamlama. İlk olaraq səsyazmada mövzunun nə olduğu, dialoqun kimlər arasında olacağı, neçə söz yazılmalı olduğu və hansı suallara baxmalı olduğumuz bildirilir, bu hissəni diqqətlə dinləyək. Sonra verilən vaxtda ancaq deyilən suallara baxıb sualı və onun cavabını təxmin edək. Əgər səsyazmada sual 1-3-ü oxuyun deyirsə, ondan əvvələ keçməklə fikrimizi qarışdırmayaq. Boşluğun necə doldurulacağını düzgün təxmin etmək, onu düzgün yazmağın yarısı deməkdir. Çünki, səsyazmada çox söz işlənə bilər, amma düzgün cavabı tapmaq ancaq nə tip cavab axtardığımızı bildikdə mümkündür. Məsələn, nümunəmizdə birinci sualda ad (Name) yazılıb və adın birinci hissəsi qeyd olunubsa, biz anlamalıyıq ki, indi soyad deyiləcək və bu hərfbəhərf yazılmalıdır. Sözü hərfbəhərf deməkdə əsasən  J & G, Y, A & E & I səslərinin tələffüsündə çətinlik yaranır, ona görə bu hərfləri çox məşq etmək mütləqdir. Bu səsləri xüsusən sözlərin tərkibində yadda saxlamağı məsləhət görərdim. Məsələn, J-jewellery & G-giraffe. Ləhcələrdə (accents) hərflər də fərqli tələffüs olunur, ona görə hər ləhcədə hərflərin tələffüsünü yaxşı öyrənməliyik.  Nümunədəki ikinci sualımıza baxdıqda, burdakı ünvan (Address) sözündən və mötərizədəki “street” sözündən küçənin adını yazacağımızı təxmin edirik, üçüncüdə isə “Policy number” deyilirsə, rəqəm yazmağa özümüzü hazırlamalıyıq.

1

Çoxvariantlı suallarda diqqət edilməli məsələlər. Bu tip suallar 3, 4 və ya 5 variantlı olur, belə sualları işləyərkən əvvəlcə səsyazmada rəqəmlə deyilən suallara baxaq. Çoxvariantlı suallarda bəzən birdən çox variant istəyir, ona görə də başlığı diqqətlə oxumaq və dinləmək lazımdır. Məsələn: “First you have some time to look at the questions 27-30” sözünü eşitdikdən sonra 30 saniyə ərzində 27-ci sualdan 30-cu sualadək baxırıq və sualdakı və variantlardakı açar sözlərin (keywords) altından xətt çəkirik. Bu tip suallarda düzgün variantı seçərkən bilək ki, ən aydın və gözəçarpan cavab bu sualın cavabı deyil, çünki bu tip suallarda cavablar heçvaxt birbaşa deyilmir. Tam əks olan cavabı da çıxaq. Eyni vaxtda olan ya da sadalanan cavabları da çıxaq, çünki onlardan biri düz olsa hər ikisi də götürülməlidir, bu da mümkün deyil. Qalan cavab doğru olandır. Cavabı dərhal yazmayaq çünki danışan şəxs dediyi sözü sonradan düzəldə bilər. Hər dəfə variantı çıxanda onu “-“ ilə işarələyək ki diqqətimizi yayındırmasın.

2

Cümlə tamamlama. Cümlə tamamlama əsasən 3,4-cü bölmələrdə verilir. Bu tip sualları işlədiyimiz vaxt, bizə veriləcək 30 saniyədə ancaq səsyazmada  deyilən sualları oxuyuruq açar sözlərin(keywords) altından xətt çəkirik. Bölmənin başlığında maksimum nə qədər söz yaza biləcəyimiz qeyd olunur. Hansı sözü tapmalı olduğumuzu, onun qrammatik formasını, hansı nitq hissəsi ola biləcəyini öncədən təxmin etməyə çalışırıq. Məsələn, 38-ci cümlədə “The ….. of the pots was” ifadəsində burdakı sözün birləşmədəki yerinə görə dibçəyin bir hissəsini ifadə edən isim və “was” sözündən təkdə olacağını təxmin etmək olar. İşlətdiyim 4-5 cümlədən hansı sözün cavabını bilməyin yolları səsyazma başlamadan əvvəl hansı boşluğa hansı tip cavab yazmağı anlamaq, sual sırasını pozmadan düşünərək dinləmək və bütün qrammatik, orfografik qaydalara, maksimum söz sayına uyğun sözü yazmaq, tapa bilmədiyimizi tez təxmin edib yazmağa, təxmin də edə bilmiriksə, ən çox eşitdiyimiz sözü yazırıq, bəlkə də cavab odur, qısacası, vaxtında tuta bilmədiyimiz sözü sonradan 10 dəqiqə düşünsək də yadımıza düşməyəcək, əksinə testin qalanını da korlayacağıq. Gözümüzü eyni vaxtda iki sualda saxlasaq, həm bir sualdan o birisinə tez keçdiyi vaxt, hər ikisinin cavabını yaza bilərik, həm də sualın cavabının artıq deyilib deyilmədiyini tez başa düşə bilərik. Əgər bir sualı bilmədiyimiz üçün hamısını qarışdırdıqsa, o biri tələbələrin vərəqi çevirib-çevirmədiyinə gözucu baxırıq, çevirməyiblərsə, o bölmə bitməyib, tez cavabları tapmağa çalışırıq, çeviriblərsə, orda qalıb o biri bölmələri ötürməməyə çalışırıq. IELTS listeningdə ilk şüarım: “Do not lose track of time.” Səsyazma başlayanda da deyildiyi kimi “All the recordings will be played once only.” Hər sözü bilməyə deyil, mətnin ümumi mənasını tutmağa çalışaq. Daha yaxşı təxmin etmək üçün sinonimləri, sözləri tanımaq, çox söz öyrənmək lazımdır. Suallardan minimum 5-i imtahan verənin çox çətinlik çəkəcəyi formada yaradılıb və onlardan bəzilərini tapa bilməmək normaldır, amma bunun həmin çətin sualdan sonrakı asan sualı tapmaqda çətinlik yaratmasına imkan verməməliyik.

3

Xəritə tip sualları necə işləməli? Bu tip suallar iki cür ola bilər. İlk versiyada verilmiş variantlardan cavab seçməli, ikincidə cavabı səsyazmada deyilən sözlərdən seçməliyik. Cavablandırmaqçün lazım olan suallar sıra ilə deyilir. Xəritədə əsas strategiya sualları diqqətlə oxuyub, xəritəni başa düşüb, xəritəni gözündə canlandırıb, danışan şəxsin hardan başlayacağını və cavabları təxmin etmək, bağlayıcı sözlərin köməyindən istifadə etməkdir. Qeyd olunan yerləri daha tez tapmaq üçün bilməli olduğunuz istiqamət bildirən sözlər:

  • at the top/at the bottom
  • on the left/on the right/on the far side
  • opposite/in front of
  • left hand side/right hand side
  • clockwise/anticlockwise
  • in the southwest/in the northeast
  • in the middle of/in the centre of
  • a little beyond
  • North/South/East/West
  • to the north/to the west
  • slightly west of
  • above/below
  • adjoining
  • enter via
  • runs alongside
  • inside/outside
  • just past
  • before you get to

Cavab kartını necə işləməli? Cavab kartının bir tərəfi Reading, digəri Listening-in cavablarını yazmaq üçündür və ikisi də bir-birinə oxşayır. Listening-də cavab kartına cavabları köçürmək üçün 10 dəqiqə vaxt verildiyi halda, Reading-də belə bir vaxt yoxdur. Listeningdə hər bölmədə sualları cavab kartına köçürmək üçün vaxt sərf etməməliyik, çünki bunun üçün vaxt veriləcək, Reading-də isə 3 mətni işləmək üçün olan vaxtı 60 dəqiqə deyil, 45-50 dəqiqə nəzərdə tutmalıyıq. Həmçinin Reading işləyərkən zamanı 15-15-15 dəqiqə bölmək əvəzinə, 10-15-20 dəqiqə şəklində bölsək, daha yaxşı çatdırarıq, çünki birinci mətn ən asanı, ikinci daha, üçüncü ən çətini olur. Imtahan yazdığımız vərəqdə qara səliqəsiz yazılar olsa da, fikir vermək lazım deyil, çünki imtahanda təkcə cavab kartı yoxlanılır. Çalışaq sual kitabçasında uzun sözləri qısa formada qeyd edək ki, sonrakı sualı yazmağa da vaxt qalsın, çünki bəzən sualların cavabı tez-tez deyilir. Cavab kartında cavabların hamısında bütün hərfləri ya böyüklə , ya da kiçiklə yazmalıyıq. Ancaq bütün sualların cavabını eyni cür yazmaq şərtdir. Məsələn, cavabların bir hissəsini “BAGGAGE”, bir hissəsini isə “child” formasında yazmaq səhv sayılır. Kiçik hərflə yazsaq insan, şəhər, ölkə və s. adları kimi xüsusi isimlərin ilk hərflərini böyüklə yazmağı unutmamalıyıq. Bu çətinliyə düşməmək üçün sözün bütün hərflərini böyüklə yazmağı məsləhət görürəm. Ayın tarixlərini yazarkən diqqətli olmaq lazımdır, ancaq qeyd etdiyim yazı formaları doğru qəbul edilir.Məsələn, 11 Oktyabr tarixini “11 October”, “11th October”, “October 11th” və ya “October 11” şəkillərindən istənilən birində yaza bilərik. Bunlardan başqa formada yazsaq qəbul olunmayacaq. Iki cavabın da düz olacağını düşünürsünüzsə, ikisini də (journal/maganize) yazmayaq, qəbul edilməyəcək. Cavab kartında sürüşdürmə olduğu halda sonradan rəsmi qaydada müraciət olunduqda testi işlədiyimiz vərəq də yoxlanıla bilər, amma bu problemli məsələdir, ona görə cavab kartında səhv etməyək.

Söz limiti. Hər bir bölmənin əvvəlində yazıla biləcək maksimum söz sayı qeyd olunur. “No more than ….” ilə başlayan ifadəyə diqqət edək. Burda əgər “No more than three words” yazılıbsa, yadımızdan çıxmamalıdır ki, 3 söz yazmaq məcburiyətində deyilik, bu 1,2 və ya 3 söz yaza biləcəyinizi bildirir. Artikl, sözönləri kimi kiçik sözlər hər biri söz sayına təsir edir. Yəni “a marshmallow” bir deyil, iki söz sayılır. “2016”, “15690” kimi rəqəmlər bir rəqəm, defislə yazılan sözlər bir söz, mürəkkəb birləşmədə ayrı yazılan sözlər iki söz sayılır. Çoxvariantlı suallarda cavabı yazmaq əvəzinə ordakı sözü yaza bilmərik. Yəni, a. Bread b. Hot-dog c. Pizza  yazılıbsa, cavab “a”, “b” və ya “c” olmalıdır, əgər biz “bread”, “hot-dog” və ya “pizza” yazsaq, cavabımız qəbul olunmayacaq.