16 C
Baku
Monday, May 6, 2024

IFRS-9 standartının tətbiqi bankların gəlirini xeyli azaldacaq

Dünya miqyasında 2018-ci ilin ilk rübündə minlərlə kommersiya bankının rentabelliyi aşağı düşəcək.

“Vestifinance.ru” saytına istinadən, bu, 2018-ci il yanvarın 1-dən etibarən beynəlxalq maliyyə hesabatlarında yeni IFRS-9 standartlarına keçidlə bağlı olacaq. Yeni standartlar Azərbaycan da daxil olmaqla 120 ölkədə tətbiq ediləcək.

Yeni standartlarda əsas dəyişiklik ümidsiz borclara ehtiyat ayırmalarının həcminin artırılması olacaq. ABŞ-da IFRS-9 tətbiq edilməsə də, banklar yeni fəaliyyət rejiminə keçəcək.

Yeni qaydalarla banklar kreditləri 3 kateqoriyaya ayıracaq. Kredit verildikdə (ilk kateqoriya), banklar verilən kreditdə gözlənilən itki qədər növbəti 12 ayda ehtiyat ayırmağa məcburdur. Bu ayırmalar dəyişiklik baş vermədikcə sabit qalır.

Əgər kredit riski artarsa, amma kredit hələ də “yaxşı” kateqoriyasına aiddirsə, o zaman kredit ikinci kateqoriyaya keçir. Məsələn, ipoteka krediti verilib, əmlak bazarında isə volatillik başlayıbsa, o zaman kredit ikinci kateqoriyaya keçə bilər. Bu zaman bank kredit bitənədək ehtiyat ayırmalarını mümkün zərərə qədərə artırmalıdır.

Əgər borc, ümumiyyətlə, ödənilmirsə, bu zaman üçüncü kateqoriya başlayır. Ehtiyat ayırmaları ikinci kateqoriyada olduğu kimi qalır, amma bank kreditdə gözlənilən itki qədər daha az faiz gəliri hesablayır.

Nəzəri olaraq yeni standartlar bankları daha ehtiyatlı davranmağa vadar edəcək. Əgər əvvəlki standartlarda yüksək faiz gəliri riskli krediti əks etdirirdisə, hətta kredit pisləşdikdə də banklar ehtiyat ayırmırdısa, yeni standartlarda ehtiyat ayırmaları kredit verildiyi andan məcburi olacaq.

Avropa Bank Nəzarəti Xidmətinin araşdırmalarına görə, Avropa bankları yeni qaydaların tətbiqindən sonra orta hesabla ehtiyat ayırmalarını 13% artıracaq. “Deutsche Bank”ın ekspertləri Avropa banklarının I dərəcəli kapitalın adekvatlılıq əmsalının isə 0,07-0,43 faiz bəndi azalacağını ehtimal edirlər.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər