Azərbaycan qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəməri (IGB) vasitəsilə ötən il nəql edilən qazın həcmi açıqlanıb.
2022-ci il oktyabrın 1-dən (qaz kəmərinin kommersiya istismarına başlanılan gün – red.) dekabrın 31-dək kəmər vasitəsi ilə nəql edilən təbii qazın ümumi həcmi elektrik enerjisi ekvivalentində 4 mlrd. 875 mln. kVt/saat (təqribən 418-419 mln. kubmetr – red.) təşkil edib.
Məlumata görə, dekabr ayında, boru kəmərinin kommersiya istismarına verildiyindən cəmi bir neçə ay sonra, IGB-nin tutumunun 94%-dən çoxu rezervasiya edilib. 2022-ci ilin sonuna 11 interkonnektor istifadəçisi qeydiyyata alınıb.
Bildirilir ki, 182 kilometrlik qaz kəməri Yunanıstan və Bolqarıstanın qaz nəqli şəbəkələrini Komotini və Stara Zaqora məntəqələrində birləşdirir və Bolqarıstanın Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) birbaşa əlaqələndirir. IGB-nin ümumi gücü ildə 3 mlrd. kubmetrdir və bunun 1.57 mlrd. kubmetri 25 ilə qədər davam edən uzunmüddətli müqavilələr əsasında artıq rezervasiya edilib. Qaz kəmərinin sərbəst tutumları şəffaf və əlçatan şəkildə Avropanın iki ticarət platforması olan PRISMA və RBP-də təklif olunur.
Qeyd edək ki, kommersiya istismarına bu ilin 1 oktyabr tarixində başlanılan boru kəmərinin ötürmə gücünü gələcəkdə 5 mlrd. kubmetrə çatdırmaq planlaşdırılır.
Xatırladaq ki, Bolqarıstanın “Bulgargaz” şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində “Şahdəniz” konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.