9 C
Baku
Sunday, November 17, 2024

IGB qaz kəməri kommersiya istismarına hazırdır

Azərbaycandan qaz nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) oktyabrın 1-də kommersiya istismarının başlanılmasına hazırdır.

ICGB layihə şirkətinin (layihənin operatoru) verdiyi məlumata görə, layihə son mərhələdədir və hər iki ölkədə əməliyyat lisenziyalarının və istifadə hüququ aktlarının verilməsi üçün inzibati prosedurlar davam edir.

Qeyd olunur ki, Yunanıstandakı interkonnektorun bütün 31 kilometrlik hissəsi Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin nümayəndələri və ICGB rəhbərliyinin iştirakı ilə iki gün ərzində (8-9 sentyabr) sınaqdan keçirilib.

“Audit Yunanıstanda boru kəməri hissəsinin istismarı üçün icazənin verilməsi prosedurunun bir hissəsidir”, – ICGB-nin icraçı direktorları Teodora Georgiyeva və Corc Satlas bildirib.

IGB-nin kommersiya fəaliyyətinə oktyabrın 1-də başlamasının həm milli, həm də beynəlxalq əhəmiyyəti vurğulanıb.

“Bu boru kəməri təkcə iki ev sahibi ölkə üçün deyil, həm də Cənub-Şərqi Avropanın daha geniş regionu üçün şaxələndirilmiş təbii qaz tədarükü üçün yeni təhlükəsiz imkanlar açır. IGB həmçinin Ukrayna və Moldovaya təbii qaz nəql etmək imkanı verir”, – məlumatda qeyd olunur.

IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər. Hazırda Azərbaycan qazı Bolqarıstana Yunanıstan ərazisi ilə alternativ birləşdirici infrastruktur vasitəsilə çatdırılır.

Xatırladaq ki, Bolqarıstanın “Bulgargaz” şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində “Şahdəniz” konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər