Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun bəraət alması ilə bağlı hökmdən prokurorun verdiyi protestə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Məhkəmənin qərarına əsasən, prokurorun protesti təmin edilib və birinci instansiya məhkəməsinin Əhməd Hüseynov barəsində çıxarılan bəraət hökmü ləğv edilib.
Məhkəmə iş üzrə yeni hökm qəbul edib. Hökmə əsasən, Əhməd Hüseynov barəsində sınaq müddəti seçilməklə şərti cəza verilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Hüseynov barəsində bəraət hökmü verilib. Hökmdən narazı qalan prokuror hökmün işin faktiki halları ilə uyğun olmadığını hesab edərək protest verib.
Qeyd edək ki, Əhməd Hüseynov qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməkdə, habelə rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 29.178.4-cü (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə ittiham irəli sürülüb.