“İki qapılı otağı seçin”: Amazon şirkətinin qərar qəbul etmə prinsipi

Amazon şirkətinin keçmiş top-meneceri Con Rossman, “Amazon kimi düşün” kitabında gələcəyi formalaşdıran qərarları qəbul edəndə istifadə etməli olduğumuz iki qayda haqqında danışır. 

Həyati vacib qərarı necə qəbul edirisiniz? 2016-cı ilin yayında ailəm belə bir qərar qəbul etməli oldu. Bizim Vaşinqton ştatının Sietl şəhərindən köçmək imkanımız var idi. Həmin dövrdə oğlum Ey Cey orta məktəbdə oxuyurdu. O, su polosu ilə məşğul olurdu və başa düşürdü ki, hər gün məşq etsə və yarışlarda çox iştirak etsə, bu ona gələcəkdə kollecə qəbul olmağa kömək edə bilər. Buna baxmayaraq, Cey dostlarını və məktəbini tərk etmək istəmirdi. 

Bu vacib bir qərar idi. Və onu qəbul etmək üçün mənfi və müsbət cəhətlərin siyahısını yazmaq kifayət etmirdi. 

Peşmanlığı minimuma endirin

Qərarımızın mənfi və müsbət cəhətlərini yazmaq əvəzinə, mən oğlumla Amazon şirkətinin rəhbəri Ceff Bezosun təcrübəsini bölüşdüm. 1994-cü ildə Ceff Bezos gəlirli iş yerini (o, Devid Şounun “hedge” fondunda işləyirdi) tərk edərək, Sietl şəhərinə köçdü və “Amazon”da işə düzəldi. 

Devid Şounun fonduna işə düzələndə Bezosun 26 yaşı var idi. Daha əvvəl iş yerlərini əlcək kimi dəyişdirməsinə baxmayaraq, cəmi dörd il ərzində Ceff Bezos vitse-prezident vəzifəsinə qədər yüksəlir. O, yeni yaranmış İnternetin biznes üçün yaratdığı imkanları öyrənməklə məşğul idi. 

Business Insider-in verdiyi məlumata görə, Bezos onlayn sata biləcəyi 20 məhsulun siyahısını tərtib etdi və kitabların ən məqbul variant olduğuna qərar verdi. Bəs problem nə idi? Bezosun rəhbəri Devid Şou bununla razılaşmadı. O, bu ideyanın heç bir nəticə verməyəcəyini düşünürdü. Onda Beszos işdən ayrılacağını bildirdi və Şou ona bu barədə yaxşı-yaxşı düşünmək üçün 48 saat vaxt verdi. Gördüyümüz kimi, gənc Bezos işdən çıxdı və buna görə peşman olmadı. İllər sonra o, müsahibələrin birində qərarını bu şəkildə izah etdi:

Özümü 80 yaşımda təsəvvür etmək qərarına gəldim və bu yaşda özüm-özümə bu sözləri demək istədim: “Yaxşı, indi geriyə dönüb həyatımı nəzərdən keçirəcəm. Mümkün qədər az peşman olmaq istəyirəm”. 80 yaşım olanda bu qərarı qəbul etdiyimə görə peşman olmayacağımı bilirdim. Həqiqətən vacib hesab etdiyim İnternet adlı layihədə iştirak etdiyim üçün peşman olmayacağam. Bilirdim ki, uğurlu olmasam da peşman olmayacağam, amma cəhd etməsəm peşman olacağıma əmin idim. Bilirdim ki, bunu hər gün düşünəcəm və ona görə bu qərarı qəbul etmək mənim üçün inanılmaz dərəcədə asan oldu. Və məncə, bu əladır. Siz də hipotetik olaraq 80 yaşlı özünüzdən soruşa bilərsiniz: “O yaşda bu barədə nə düşünəcəm?”, – bu sizi gündəlik problemlərdən xilas edəcəkdir. Bilirsiniz, mən Uoll-Stritdəki şirkətdən ilin ortasında çıxdım və bununla illik bonusumdan məhrum oldum. Yaxşı olar ki, uzunmüddətli perspektivləri düşünəsiniz. 

Əla, – deyəcəksiniz.  Bu yanaşma həyatda bəzi vacib qərarlar üçün faydalı ola bilər, məsələn, işdən çıxmaq, başqa şəhərə köçmək və ya riskli startapı işə salmaq istədiyiniz zaman. 

Qapıya diqqət yetirin

Hamı Amazon rəhbərlərindən onların səhvsiz qərarlar qəbul etmələrini gözləyir. Əslində əsas prinsip budur. Bəs bu necə mümkündür? Onlar “öz fikrini təsdiqləmək meyli” adlnan tələyə düşməmək üçün nəinki məsələni çox yaxşı bilməli, həm də işdə fəal iştirak etməlidirlər. İnsanlar ilkin fikirlərini dəstəkləyən məlumatlar və dayaq nöqtələri axtarmağa meyllidirlər. (Facebook məhz buna görə populyardır. Amerika iki əsas düşərgəyə bölünür və heç kim açıq şəkildə mübahisə edə bilmir. İnsanlar öz fikirləri ilə qarşılaşacaqlarını gözləyirlər). Lakin alternativ perspektivlər və məlumatlar tapmaq üçün fəal şəkildə işləyiriksə, verdiyimiz qərarlar daha yaxşı olur. Bu mənim fikrim deyil, bu həqiqətdir. 

Bəs düzgün qərarları daha tez qəbul etmək üçün nə etmək lazımdır? Bunun üçün qəbul etdiyiniz qərarın hansı nəticələrə gətirib çıxaracağını təsəvvür etməlisiniz. Əldə etdiyiniz nəticəni dəyişdirmək və ya ləğv etmək mümkündürmü? Amazon “bir və ya iki qapılı otaq” metodundan istifadə edir. 

“Biz bir və ya iki qapılı otaq haqqında düşünürük. Bir qapılı otaq geri dönüşü olmayan qərarları təmsil edir: otağa daxil olduqdan sonra gördüyün mənzərə xoşuna gəlməsə, bir daha geri qayıda bilmirsən. Birdə var iki qapılı otaq: otağa daxil olduqdan sonra gördüyün mənzərə qane etməsə, asanlıqla geri qayıda bilirsən. Yaxşı olar ki, bütün işçilər iki qapılı otaqları seçsin”.