6 C
Baku
Sunday, December 15, 2024

İki rus milyarderdən sülh çağırışı

Rusiyanın Ukraynaya hücumuna qarşı çıxan iki rus milyarder Mixail Fridman və Oleq Deripaska sülh çağırışı edib.

Banker.az The Guardian-a istinadən xəbər verir ki, investisiya şirkəti LetterOne-ın (L1) sahibi Ukraynada anadan olmuş rus milyarder Fridman əməkdaşlarına göndərdiyi e-mail-də “Müharibə əsla cavab ola bilməz” ifadəsini işlədib.

Fridman ailəsinin hələ də yaşadığı Lvovdakı ukraynalı köklərinə istinad edib və “Əlavə olaraq, həyatımın çox hissəsini bir Rusiya vətəndaşı olaraq iş qurub işimi böyüdərək keçirmişəm. Ukrayna və Rusiya xalqlarına dərindən bağlıyam və mövcud münaqişəni hər ikisi üçün də faciə olaraq görürəm” ifadələrini işlədib.

Əməkdaşlarına ümumiyyətlə, siyasi açıqlamalar etməkdən uzaq olduğunu bildirən Fridman “Rusiya və Ukraynadakı minlərlə əməkdaşıma qarşı məsuliyyətləri olan bir iş adamıyam. Ancaq müharibənin əsla cavab ola bilməyəcəyinə əminəm. Bu böhran əsrlərdir qardaş olan iki millətin canı bahasına başa gələcək” -deyə, vəziyyəti dəyərləndirib.

Qeyd edək ki, rus oliqarx Mixail Fridman keçən il Forbes-in dünya milyarderləri siyahısında dünyanın ən varlı 128-ci adamı olmuşdu.

Rusiya Prezidenti Vladimr Putinlə yaxın əlaqələri ilə tanınan rus oliqarx və iş adamı Deripaska da Teleqram-dakı bir paylaşımında sülh danışıqlarının “mümkün olduqca sürətli” başlaması ilə bağlı çağırış edib.

Dünyanın ən böyük alüminium şirkətləri arasında göstərilən “Rusal”ın sahibi Deripaska mesajında “Sülh çox vacibdir” ifadəsini işlədib. Putinə yaxınlığı ilə bilinən Deripaska Rusiyanın ABŞ-dakı 2016 seçkilərinə müdaxiləsi səbəbindən 2018-ci ildə ABŞ-ın sanksiya siyahısına salınmışdı.

 

Son xəbərlər
Digər xəbərlər