27 C
Baku
Saturday, July 27, 2024

İki şirkət barəsində “valyuta ilə bağlı” inzibati cərimə protokoluna xitam verilib

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Azərbaycan Mərkəzi Bankının bir neçə şirkətlərə qarşı iddiasını təmin etməyib.

Banker.az xəbər verir ki, bu barədə məlumatda qeyd edilir.

Belə ki, Mərkəzi Bank internet provayderi “Konnekt” QSC-yə (Connect) və kənd təsərrüfatı üzrə fəaliyyətdə olan “Bio Gold Tarım” MMC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini əsas gətirərək cərimə protokolu tərtib etmişdi.

Hər iki işə hakimliyi Hafiz Kamranov edib və onun hakimliyi ilə keçirilən məhkəmədə icraata xitam verilib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Xatırladaq ki, “Konnekt” QSC 2005-ci ildə yaradılıb və 2000 manat nizamnamə kapitalı var. Şirkətin qanuni təmsilçisi Elmira Abasova Əli qızıdır.

“Bio Gold Tarım” MMC 2000-ci ildə yaradılıb, 120 manat nizamnamə kapitalı var. Şirkətin qanuni təmsilçisi Vahab Rufullayev Yəhya oğludur.

Son xəbərlər
Digər xəbərlər