13 C
Baku
Friday, November 22, 2024

İkiillik fasilədən sonra kosmosa turist səfərləri bərpa edilib

Ceff Bezosun “Blue Origin” şirkəti ikiillik fasilədən sonra kosmosa turistlərin uçuşlarını bərpa edib.

NS-25 missiyasını yerinə yetirən raket Qərbi Texasdakı “Launch Site One” kosmik mərkəzindən qalxıb. Bu, onun 25-ci missiyasıdır.

Ceff Bezosun dəstəklədiyi “Blue Origin” 2022-ci ildəki missiyanın uğursuzluğundan sonra turist səyahəti əməliyyatlarını təxminən iki il müddətinə dayandırmışdı. Həmin vaxt kosmosun orbitinə qısamüddətli səfərlərdə yükləri və insanları daşıyan “New Shepard” raketi 2022-ci ilin sentyabrında Texasdan qalxdıqdan təxminən bir dəqiqə sonra uğursuzluğa düçar olmuşdu. Hazırkı missiyanın isə əvvəlki iki buraxılışı təxirə salınmışdı.

Kosmik gəminin göyərtəsində ABŞ-da ilk qaradərili astronavt olan keçmiş Hərbi Hava Qüvvələri kapitanı Ed Duayt da daxil olmaqla altı ekipaj üzvü var. Hazırda 90 yaşı olan Duayt hələ 1961-ci ildə ABŞ Prezidenti Con Kennedi tərəfindən NASA-nın birinci Afrika mənşəli astronavtı seçilmişdi. Turistlərin arasında daha bir astronavt, üç biznesmen və bir təqaüdçü – Meyson Angel, Silveyn Şiron, Kennet L. Hess, Kerol Şeller və Gopi Totakura var. Onların bilet qiymətlərinin məbləği açıqlanmayıb. Duaytın bileti qismən “Space for Humanity” qeyri-kommersiya təşkilatı tərəfindən maliyyələşdirilib.

ABŞ Federal Aviasiya Administrasiyası “Blue Origin” şirkətinin “New Shepard” kosmik gəmisi ilə bağlı araşdırmasını ötən il başa çatdırıb və onun nəticələrini açıqlayıb. Şirkətdən mühərrikin yenidən dizaynı və təşkilati dəyişikliklər də daxil olmaqla, ümumilikdə 21 düzəldici tədbir görməsi tələb edilib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər