Analitiklərin və investisiya banklarının gözləntilərinin əksinə olaraq, 2023-cü il S&P 500-ə daxil olan şirkətlərin 25%-i üçün inanılmaz dərəcədə gəlirli olub, baxmayaraq ki, əksər ekspertlər əhəmiyyətli iqtisadi tənəzzül və 5-10% səviyyəsində gəlirlilik proqnozlaşdırmışdı. Ən böyük gəlirliliyi “Apple”, “Alphabet”, “Microsoft”, “Amazon”, “Meta”, “Tesla” və “Nvidia”nın daxil olduğu “Böyük yeddilik” təmin edib. Onlar 2023-cü ildə orta hesabla 70%, S&P 500-ün qalan hissəsi isə yalnız 6% artıb.
“Böyük yeddilik”lə əlaqəsi olan iş adamları da sərvətlərini artırıblar. “VisualCapitalist”ə görə dünyanın ən zəngin 50 adamı arasında ən çox İlon Mask (+113.5 milyard dollar) varlanıb. Sonrakı yerdə “Meta” səhmlərinin sürətli artımı fonunda sərvəti 78.3 milyard dollar artaraq 123.6 milyard dollara yüksələn Mark Zukerberq gəlir. İlk üçlüyü “Amazon”un qurucusu Ceff Bezos (65.3 milyard dollar) tamamlayır.
Dünyanın ən varlı 50 adamı arasında 2023-cü ilin anti-lideri hindli milyarder Qautama Adani olub. O, səhmlərin qiymətlərini manipulyasiya etmək və çirkli pulların yuyulması ilə bağlı qapalı şirkətlərlə qalmaqal fonunda dərhal 56.5 milyard dollar itirib. Ondan sonrakı yerlərdə Zhang Yiming (-6.1 milyard dollar) və Çarlz Kox (-3.8 milyard dollar) dayanır.
Qeyd edək ki, 2023-cü ildə dünyanın 50 ən varlı adamı arasında doqquz milyarder öz kapitalını azaldıb.