26 C
Baku
Saturday, July 27, 2024

İlham Əliyev: “Məcbur qalıb özəl bizneslə məşğul olmağa başladım”

Bu gün Prezidetn İlham Əliyev Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı gənc yaşlarında bizneslə məşğul olmasından və üzləşdiyi problemlərdən danışıb.

Banker.az-ın məlumatına görə, dövlət başçısı deyib ki, orta məktəbi Bakıda bitirəndən sonra 1977-ci ildə Moskvaya oxumağa gedib.

Prezident İlham Əliyev bildirib ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub: “Beş il orada təhsil aldım, ondan sonra üç il aspiranturada oxudum, dissertasiya müdafiə etdim və mən institutda dərs deməyə başlayanda 23 yaşım var idi. İşimdən də çox razı idim. Mənim işimə heç bir irad yox idi, ta 1990-cı ilə qədər. Həmin il xalqımıza qarşı qanlı cinayət törədilmiş, Qanlı Yanvar faciəsi baş vermişdi. O vaxt atam Heydər Əliyev təqaüdçü idi. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz səsini bütün dünyaya çatdırdı. Mən də onun yanında idim.Bizdə olan məlumata görə, Moskvada sovet rəhbərliyi onun çıxışından çox hiddətlənmişdi və göstəriş vermişdi ki, o, həbs olunsun. Ancaq Bakıya gələ bildi. Lakin Bakıda da yaşamağa qoymadılar. Bakıda da ona qarşı çox böyük təzyiqlər göstərildi və o, Naxçıvana gedərək orada yaşamağa başladı. Bir müddətdən sonra xalq onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçdi”.

Dövlət başçısı qeyd edib ki,  taleyində bundan sonra dəyişiklik baş verib: “Mən oxuduğum və dərs dediyim institutdan çıxarıldım. Mənim işimə heç bir irad yox idi. Məni işdən çıxaranda rəhbərlik belə də demişdi ki, Sizə bizim iradımız yoxdur. Ancaq Heydər Əliyev artıq Sovet İttifaqında düşmən kimi tanınır və düşmənin oğlu belə institutda dərs deyə bilməz. Mənim üçün işsizlik dövrü başladı. Bir neçə ay işsiz qaldım. Müxtəlif yerlərdə iş axtarırdım, müraciət edirdim. Amma biləndə ki, Heydər Əliyevin oğluyam, əlbəttə ki, məni heç kim işə götürmürdü. O vaxt Sovet İttifaqının tarixində iqtisadi sahədə müəyyən liberallıq da müşahidə olundu, özəl biznesə icazə verildi. Mən məcbur qalıb özəl bizneslə məşğul olmağa başladım. Qısa müddət ərzində çox uğurlu fəaliyyət göstərdim və öz həyatımı yenidən qurmuş oldum. İşimdən razı idim. O vaxt Moskvada yaranmaqda olan Azərbaycan icmalarının fəaliyyətinə dəstək verirdim. Yadımdadır ki, o vaxt Moskvada Azərbaycan Vətəndaş Assambleyası yaradılmışdı. O Assambleyanın qurucularından biri də mənəm. Bir biznesmen kimi Assambleyanın fəaliyyətinə ən çox maliyyə dəstəyi verən də mən olmuşam. O vaxt Moskvada Azərbaycan məktəbi təsis edilmişdi. Moskvada yaşayan azərbaycanlılardan birincisi, o məktəbə maliyyə dəstəyi verən də mən olmuşam. Mən bunları ona görə demirəm ki, özümü tərifləyim. Sadəcə olaraq, bu, tarixdir və mən istərdim ki, bizim gənclərimiz bunu bilsinlər. Bilsinlər ki, hətta ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə onlar həmişə ümidli olmalıdırlar, naümid olmamalıdırlar. Həmişə bilməlidirlər ki, onların taleyi onların öz əllərindədir”.

 

Son xəbərlər
Digər xəbərlər