“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib”.
Bunu Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edən Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər:
“Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir:
“Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.
Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq”.