Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Dünya İqtisadi Forumunun Prezidenti Borge Brendenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende ölkəmizə səfərləri zamanı Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışında iştirak etmələrini məmnunluqla vurğuladı.
O, ölkəmizin bütün sahələrdə əldə etdiyi iqtisadi uğurların əhəmiyyətini qeyd etdi, Azərbaycan iqtisadiyyatının regionda vacib amilə çevrilməsinin önəmini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanla Dünya İqtisadi Forumu arasında əməkdaşlığın yüksək səviyyədə həyata keçirilməsindən razılığını ifadə etdi. Dövlətimizin başçısı Dünya İqtisadi Forumu ilə ölkəmiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi.
Görüşdə əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Borge Brende Dünya İqtisadi Forumunun növbəti toplantısında iştirak etmək üçün Forumun təsisçisi və icraçı sədri Klaus Şvabın dəvətini Prezident İlham Əliyevə çatdırdı.
Bizim Telegram kanalımıza abunə olun