9 C
Baku
Wednesday, November 13, 2024

İlham Əliyev enerji məsələlərini müzakirə etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının  ikinci iclasında iştirak etmək üçün Bakıda səfərdə olan bir sıra rəsmi şəxsləri qəbul edib.  Prezident İlham Əliyevin Gürcüstanın Baş nazirinin müavini və energetika naziri Kaxa Kaladze ilə görüşündə  Azərbaycan ilə Gürcüstan arasında enerji layihələrinin yüksək səviyyədə həyata keçirildiyi, “Cənub Qaz Dəhlizi”nin uğurla reallaşdırıldığı bildirilib. Ölkələr arasında enerji sahəsi ilə yanaşı, digər sahələri də əhatə edən birgə layihələrin uğurla icrasından məmnunluq ifadə olunub. İki ölkənin gələcəkdə də strateji tərəfdaş kimi əməkdaşlıq edəcəyi vurğulanıb.

kaladze İlham aliyev
İlham Əliyev və Kaxa Kaladze

Prezident İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçi də qəbul edib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın dinamik inkişafından məmnunluq ifadə olunub. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının böyük əhəmiyyətə malik olduğu qeyd edilib. Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının hazırkı durumu və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısının  Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrakla görüşü zamanı isə  Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. TANAP layihəsinin cədvələ uyğun olaraq uğurla həyata keçirildiyi vurğulandı, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev  ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Dövlət başçısı “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən ikinci iclasının layihənin icrası ilə bağlı məsələlər ətrafında birgə müzakirələrin aparılması üçün uğurlu format olduğunu qeyd etdi. Prezident İlham Əliyev ABŞ hökumətinin layihəyə göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edərək Amos Hokstaynın bu tədbirdə iştirakının önəmini vurğuladı. Dövlətimizin başçısı tədbirin yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi.

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasına dəvət olunmasından məmnunluğunu ifadə etdi. Ötənilki iclasın səmərəli keçdiyini vurğulayan Amos Hokstayn builki tədbirin layihə üçün önəmli olan indiki dövrdə baş tutmasının əhəmiyyətini qeyd etdi. O, layihənin icrası istiqamətində qarşıda duran müxtəlif məsələlər ətrafında birgə fikir mübadiləsi aparılması üçün iclasın yaxşı imkan yaratdığını vurğuladı.

ANS-Press

Son xəbərlər
Digər xəbərlər