6 C
Baku
Sunday, December 15, 2024

İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib.

Müsahibəni təqdim edirik.

-Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?

-Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin, sizin də bildiyiniz kimi, Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti ay – avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılmışdır və o ifadə verir. Beləliklə bu, danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhddir. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik.

4b97639e d212 3c61 9b91 53bbbb4b5555

– Azərbaycanın nəinki təkcə boru kəmərlərinin habı, eyni zamanda, internet fiberoptik xətlərinın habı olmaq missiyası var. Eşitmişəm adı Nextel olan Azərbaycan şirkəti Avropa və Mərkəzi Asiya arasında internet üzrə bağlantı rolunu oynamaq istəyir. Siz Azərbaycan üzərindən Avropadan Mərkəzi Asiyaya birbaşa bağlantını nəzərdə tutan bu layihənin hələ də mümkün olduğunu və ya qeyri-mümkün olduğunu düşünürsünüz?

– Biz sizin də doğru qeyd etdiyiniz kimi, nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə artıq regional haba çevrilmişik. Hazırda biz Xəzər dənizinin digər tərəfində – şərq hissəsindəki və Avropadakı tərəfdaşlarımıza mühüm nəqliyyat şəbəkəsini təmin edirik. Bizim infrastruktura yatırdığımız sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnmişdir. Əlbəttə ki, hər şey enerji infrastrukturu ilə başladı, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Neft kəmərlərinə gəlincə, biz artıq Mərkəzi Asiyadan nefti Azərbaycan ərazisindən Avropaya nəql edirik.

İnternet bağlantısına gəldikdə isə biz IT sektoruna böyük sərmayələr yatırırıq. Azərbaycanda internetdən istifadə təqribən 80 faizdir, yəni, əhalinin 80 faizi internet istifadəçisidir. Bizim bu sahədə çox inkişaf etmiş şirkətlərimiz, özəl şirkətlərimiz var. Odur ki, sizin qeyd etdiyiniz şirkət, mənim bildiyimə görə öz planı olan və regiona investisiya yatıran özəl şirkətdir. Düşünürəm ki, onların hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyata keçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir.

– Növbəti sualım belədir. Bir aydan çox davam edən toqquşmalardan sonra cəbhədə hazırda həyata keçirilən hərbi əməliyyatların necə olduğunu bizə təsvir edə bilərsinizmi?

– Toqquşmalar bir aydan azdır ki, davam edir və uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilmişdir. Biz hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat veririk. Bu, asan deyil, çünki otuzillik işğal müddətində Ermənistan işğal edilmiş ərazilərdə çox möhkəm istehkamlar qurmuşdur. Odur ki, təmas xəttini keçmək asan deyildi. Lakin biz bunu etdik, müxtəlif istiqamətlərdə – şimalda, cənubda. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Biz Ermənistanı döyüş meydanında məğlub edirik və onlar bizdən qaçmaq məcburiyyətindədirlər. Beləliklə, biz artıq İranla beynəlxalq sərhədimizi bərpa etmişik. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal atlında idi. Beləliklə biz döyüş meydanında çoxlu işlər görmüşük və bu, davam edir. Ermənistan atəşkəsi iki dəfə pozmuşdur. Əgər onlar atəşkəsi pozmasaydılar, – onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər, – bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu, bizim mövqeyimizdir. Onlar dayanmasa, biz torpaqlarımızı azad etməyə davam edəcəyik.

– Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər.

– Bu, feyk xəbərdir. Hesab edirəm ki, indi hər kəs bunun Ermənistan tərəfindən feyk xəbər olduğunu başa düşür. Türkiyənin F-16 qırıcı təyyarələri ona görə buradadırlar ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, onlar səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi dağa çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar. Lakin bu, münaqişənin ilk günlərində, sentyabrda baş vermişdir. Lakin onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər. Bu, birincisi. İkincisi, ballistik raket Ermənistanın ərazisindən buraxılmışdır və böyük ölkələr buna asanlıqla nəzarət edə bilərlər. Onlar raketin haradan buraxıldığını və raketin hədəfinin nədən ibarət olduğunu bilirlər. Raketin hədəfi mülki şəxslərə zərbə endirmək idi. Onlar Gəncə şəhərində insanların yaşadığı ərazini vurublar. Beləliklə, bu, beynəlxalq terror əməli idi, bu, Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü idi. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar.

Prezident İlham Əliyev

– Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin regional bir müharibəyə çevrilməsindən qorxmursunuz?

– Əvvəla, Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlarından Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icrasına dəstəyi ifadə ediblər və ifadə etməyə davam edirlər. Deməli, bu, birincisi. İkincisi, Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feyk xəbərdir. Bu, bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və biz onlardan sübut tələb etmişdik. Biz dəlilləri tələb etmişdik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur. Digər bir məsələ ondan ibarətdir ki, bizə bizimlə birgə vuruşacaq əcnəbilər lazım deyil, çünki bizim 100 min nəfərdən ibarət nizami ordumuz var. Bizim müasir avadanlığımız var, bizim 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanlarımız var. Biz hətta tam səfərbərlik belə elan etməmişik. Bizə döyüşdə əlavə insan lazım olsa, biz daha çoxlarını çağırarıq. Odur ki, bu, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün daha bir cəhddir və həmçinin onlara döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun potensialını azaltmaq üçün Ermənistanın cəhdidir.

– Cənab Prezident, dediniz ki, Sizin çox müasir avadanlığınız var, bu, doğrudur. Sizin bütün növ dronlarınız var, bəziləri Türkiyədən gəlir, həmçinin effektiv kamikadze dronları İsraildən, ərəb ölkələrindən gəlir. Beləliklə, İsrailin hərbi avadanlığının yardımı Sizin üçün çox önəmlidirmi və onlar Sizə hərbi irəliləyişi əldə etməyə imkan verirlərmi?

– Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizə hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Biz, həmçinin İrandan, Ukraynadan, Belarusdan silah alırıq. Əlbəttə ki, bizim bu gün ordumuza ərazi bütövlüyümüzü bərpa etməyə kömək edən müasir silahları almaq imkanımız var. Bizim ərazi bütövlüyümüz öz tərəfimizdən bərpa olunur. Təbii ki, bizim regionda istənilən ölkə silah alır. Dünyada heç də bütün ölkələr özlərini 100 faiz hərbi avadanlıqla təchiz edə bilmir. Beləliklə, burada qəribə olan bir şey yoxdur. Əlbəttə ki, biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq və onlar bizə yerində kömək edir. Lakin ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir.

– İran hərbi əməliyyatlar zamanı döyüşlərin sərhəddə keçirilməsi ilə bağlı şikayət etmişdir. Bu mübahisəni İranla həll etmisinizmi, İran rəhbərləri ilə danışmısınızmı?

– Bəli, biz bunu etmişik. Mənim bildiyimə görə İranın rəhbərləri, həm də Ermənistan tərəfi ilə danışmışlar. Çünki toqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi və təsadüfən silahların bəziləri sərhədi keçmişdir. Lakin bu gün biz Azərbaycan-İran sərhədini erməni işğalçılarından tamamilə təmizlədiyimizi elan etdik. Buna görə orada artıq heç bir toqquşmalar baş vermir və Araz çayının o biri tərəfində – İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq.

– Bu müharibəni durdurmaq üçün mümkün ən yaxşı vasitəçi kimidir? Bu, Rusiyadırmı? Mümkün ən yaxşı vasitəçi Rusiyadırmı?

– Bizim üç vasitəçimiz var. ATƏT onlara mandat verib. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları. Onlar 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Bu üç ölkə mənim istinad etdiyim və erməni qoşunlarının çıxarılmasını tələb edən həmin qətnamələri qəbul etmişdir. Lakin əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi hücumundan sonra biz özümüzü müdafiə etməli idik və ədaləti güc yolu ilə bərpa etməli idik. Biz bunu da uğurla edirik.

Bu 3 vasitəçinin hər biri mühümdür. Mən müşahidə edirəm, görürəm və bilirəm ki, Dağlıq Qarabağ məsələsində onların çox nadir yekdil yanaşmaları olur. Bu, bəlkə də onların maraqlarının üst-üstə düşdüyü yeganə məsələdir.

– Cənab Prezident, Siz hansı torpağı geri almaq istəyirsiniz ki, ondan sonra bu müharibəyə son qoymağa hazır olasınız?

– Biz bu gün dayanmağa hazırıq. Mən bunu oktyabrın 10-dan – Moskvada hər iki tərəf atəşkəslə bağlı razılığa gələndən bəri deyirdim. Mən demişdim ki, problemin həllinin hərbi hissəsi nə qədər tez qurtarsa, bir o qədər yaxşıdır. Biz danışıqlar masasına keçmək istəyirik. Lakin əfsuslar olsun ki, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və Gəncəyə hücum etdi. Oktyabrın 17-də onlar növbəti atəşkəs qüvvəyə minəndən 2 dəqiqə sonra onu pozdular. Ona görə də, əgər onlar bu gün dayansalar, biz dayanarıq və qalan işlər diplomatlar tərəfindən görülər. Əgər onlar dayanmasalar, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik.

– Beləliklə, bu, münaqişədən çıxmaq üçün Sizin planınızdır, Azərbaycanın planıdır.

– Bəli. Əgər onlar indi dayansalar və konstruktiv davransalar, əgər onlar Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə sadiq olsalar, onda əlbəttə hər şey dayanar və biz danışıqlar masasına geri qayıdarıq. Yeri gəlmişkən, mən 17 ildir ki, bu prosesin içindəyəm. Mən Ermənistanın iki əvvəlki prezidenti ilə işləmişəm və biz böyük olmasa da, irəliləyiş əldə etmişdik. Biz mütəmadi olaraq görüşürdük. Moskvada, Parisdə, Vaşinqtonda mütəmadi görüşlər olurdu. Lakin Paşinyan hakimiyyətə gələndən sonra o, təkcə bəyanatları ilə deyil, həm də hərbi təxribatları ilə danışıqlar prosesini pozmaq üçün faktiki olaraq hər şeyi etdi. Artıq hakimiyyətə gələndən 2 il və daha artıq müddətdə proses yoxdur. Əlbəttə, mən düşünürəm ki, siyasi həll mümkündür. Lakin Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər. Çünki, status-kvo artıq mövcud deyil, təmas xətti artıq mövcud deyil. Biz yerində yeni reallıq yaratdıq və onlar bunu nəzərə almalıdırlar.

– Sizin Qarabağın gələcəyi ilə bağlı baxışınız necədir?

– Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin mən vasitəçilər, Minsk qrupunun həmsədrləri vasitəsilə əvvəlki Ermənistan hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbacanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi, inkişaf etdirməyi planlaşdırdığımız ərazi kimi görürük. Sizə deyə bilərəm ki, bizim çox əhəmiyyətli iqtisadi nailiyyətlərimiz var. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin bizdə işsizlik səviyyəsi çox aşağıdır. Pandemiyadan əvvəl bu, 5 faizə yaxın idi, indi 7 faizdir. Lakin bu amilin geniş vüsət aldığı Dağlıq Qarabağla müqayisədə fərq gecə ilə gündüz qədərdir. Beləliklə, biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik. Mən əminəm ki, iki millət, iki xalq barışacaq. Çünki XXI əsrdə özünü təcrid etmək, etnik təmizləmə aparmaq və de-fakto vəziyyəti ayrılmağa çevirməyə çalışmaq mümkün deyil. Bu, mümkün deyil. Ermənistan da daxil olmaqla indiyədək heç kim “Dağlıq Qarabağı respublikası”nı tanımayıb. Əminəm ki, heç kim onu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, – bu, Azərbaycanın böyük regionudur, – ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır – ermənilər və azərbaycanlılar. Mənim planım bundan ibarətdir.

– Mən xatırlayıram ki, 1990-cı illərin əvvəllərində Bakıda antierməni poqromları var idi. Ona görə də ermənilər inanmırlar, deyirlər ki, yaşaya bilməzlər, Azərbaycan ərazisində yaşamaq üçün, həyatları üçün qorxurlar.

– Münaqişə Ermənistandakı millətçilər tərəfindən maliyyələşdirilən Dağlıq Qarabağdakı separatçılar Azərbaycandan ayrılmaq üçün plana start verəndən sonra başladı. Sovet İttifaqı vaxtında onlar bunu qanuni baxımdan edə bilmirdilər. Ona görə də onlar Dağlıq Qarabağ ərazisində və Ermənistan ərazisində poqromlara başladılar. Müharibə və toqquşmaların ilk qurbanları Dağlıq Qarabağdakı azərbaycanlılar oldu. Dağlıq Qarabağda, əsasən Şuşada, eləcə də paytaxt Xankəndidə yaşayan 40 min azərbaycanlı tamamilə etnik təmizələməyə məruz qaldı. Sonra Ermənistanda yaşayan 250 min azərbaycanlı, – onların çoxu qətlə yetirildi, – hamısı etnik təmizləməyə məruz qaldı, qovuldu. Həmin toqquşmalar hər yerdə – İrəvanda, Ermənistanın başqa şəhərlərində, Dağlıq Qarabağda baş verirdi. Ona görə də bu, insanların barışa bilməməsi üçün bir növ səbəb olmamalıdır. Avropada Fransa və Almaniya arasında neçə dəfə müharibə baş verib? Neçə dəfə digər ölkələr müharibə edib? 30 və ya 40 milyon adamın ölümünə səbəb olmuş İkinci Dünya müharibəsi var idi. Lakin 20 ildən sonra Qərbi Almaniya və Sovet İttifaqı arasında yaxşı münasibətlər quruldu və indi heç kim bunu xatırlamır. Sivil dünyada bu, belə olmalıdır. Problem ondadır ki, Ermənistanda nifrət aşılanır. Onlar Türkiyəyə və Azərbaycana qarşı tarixi nifrət aşılayırlar. Ermənistanın sabiq prezidenti Köçəryan açıq şəkildə bəyan etdi ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilməzlər. Lakin baxın, onlar məsələn, Gürcüstanda necə birlikdə yaşayırlar. Gürcüstanın bəzi kəndlərində azərbaycanlılar və ermənilər yanaşı yaşayırlar. Rusiyada da eyni şəkildə. Azərbaycanda minlərlə erməni yaşayır. Niyə bu, Dağlıq Qarabağda mümkün deyil? Düşünürəm ki, müharibənin vurduğu yaraları siyasi müdriklik, siyasi iradə ilə sağaltmaq lazımdır. Münaqişənin bu aktiv, qaynar fazası dayanandan sonra hər iki tərəfin bu yaraları sağaltmaq məqsədilə hər şeyi etmək üçün böyük töhfə verməsinə ehtiyac var.

-Bu, mənim sonuncu sualımdır. Cənab Prezident, Siz qorxmursunuz ki, bir müddətdən sonra Türkiyə Prezidenti Ərdoğan Şimali Kipr məsələsinə diqqətini cəmləmək üçün öz dəstəyini və Qafqazdakı siyasətini dayandırar?

-Türkiyə və Azərbaycan qardaş ölkələrdir və bizim qardaşlığımız bir çox vəziyyətlərdə sınaqdan keçib. Bu konkret məsələdə Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Beləliklə, bu, çox güclü siyasi dəstəkdir və biz buna görə çox minnətdarıq. Bu, birincisi. İkincisi, demək istəyirəm ki, biz döyüş meydanında nə ediriksə özümüz edirik. Bəli, müasir silahlarla, müasir avadanlıqla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir. Bizim Türkiyə ilə münasibətimizin böyük tarixi və daha da parlaq gələcəyi var. Zənnimcə, Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi bu prosesə cəlb edilmək üçün legitim hüququ var. Çünki qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüququ müdafiə edir. Beynəlxalq hüquq deyir ki, bizim ərazilərimiz işğal altındadır. Beləliklə, o, nəyi səhv edir? O, sadəcə olaraq, beynəlxalq hüququn təmin olunmasını tələb edir. Ermənistan bunu etmək istəmir. Ermənistan Livandan erməniləri qanunsuz köçürməklə, azərbaycanlılara qarşı hərbi əməliyyatlarla, bizim tarixi və dini irsimizi dağıtmaqla 30 ildən çoxdur ki, torpaqlarımızı işğal altında saxlamaq istəyir. Türkiyənin rolu çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra əminəm ki, Türkiyənin rolu çox mühüm və müsbət olacaq.

-Beləliklə, Siz düşünmürsünüz ki, Türkiyənin Mərkəzi Asiyanın türk xalqları ilə birbaşa əlaqəyə sahib olmaq üçün Ermənistanı silmək planı var?

– Xeyr, bu, yenə də erməni fobiyaları və erməni təxribatlarıdır. Mənim Paşinyan hakimiyyətə gəlməzdən əvvəl Ermənistan liderləri ilə müzakirə etdiyim sülhməramlı planda kommunikasiyalara açıq-aydın istinad var idi. Sülh sazişi imzalanandan sonra bütün kommunikasiyalar açılır, o cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında. Beləliklə, Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiyanın quru əlaqəsi olacaq. Bu gün bizdə bu, yoxdur. Lakin Türkiyənin həmin regionla Azərbaycan vasitəsilə əlaqəsi var. Biz bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunu tikdik. Beləliklə, Türkiyə malları Gürcüstan, Azərbaycan və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə daşınır. Lakin Türkiyədən Naxçıvana, Ermənistana, Azərbaycana yol daha qısadır. Ona görə də məsələ onda deyil ki, Türkiyənin belə əlaqəsi yoxdur və dediyiniz kimi, kimsə fikirləşir ki, onlar buna sahib olmaq üçün Ermənistanı silmək istəyirlər. Onlar buna sahibdirlər, biz buna sahibik. Biz daha birinə sahib olacağıq. Lakin bu, yenə də sülh planının bir hissəsidir, bütün kommunikasiyalar açılacaq. Düşünürəm ki, Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdır.

– Qafqaz regionunda digər xristian ölkəsi olan Gürcüstanla münasibətləriniz necədir?

– Bəli, bizim Gürcüstanla münasibətlərimiz mükəmməldir. Biz bir-birimizi strateji tərəfdaş adlandırırıq. Azərbaycan Gürcüstanda birinci və ya ikinci ən böyük investor, yaxud birinci və ya ikinci ən böyük vergi ödəyicisidir. Mən birinci və ikinci deyirəm, çünki bir il Türkiyə olur, bir il Azərbaycan. Bizim Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatımız var. Bizim prezidentlər səviyyəsində sammitlərimiz, nazirlər səviyyəsində, o cümlədən müdafiə, xarici işlər və iqtisadiyyat nazirləri səviyyəsində görüşlərimiz olub. Bizim bütün əsas nəqliyyat və enerji kommunikasiyamız Gürcüstan ərazisindən keçir. Gürcüstanda böyük azərbaycanlı icmamız var, 300 minə yaxın adam. Ona görə də münasibətlər mükəmməldir və düşünürəm ki, Türkiyə ilə münasibətlərimiz kimi, Gürcüstanla münasibətlərimiz də mehriban qonşuluğun yaxşı nümunəsi ola bilər. Yeri gəlmişkən, Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Biz bu regiona bu nöqteyi-nəzərdən baxmırıq.

-Layihələri icra edərkən Siz dini nəzərə almırsınız?

– Xeyr, bizim Konstitusiyamıza əsasən din dövlətdən ayrıdır. Azərbaycan dünyəvi ölkədir. Biz öz dinimizə hörmət edirik. Biz Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edirik. Düşünürəm ki, Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyətə bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirdi. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bizim tərəfimizdən bərpa olunmuş və hökumətimiz tərəfindən qorunan erməni kilsəsi var. Bizim işğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb. Ermənilər bizim məscidlərimizdə donuz saxlayırlar. Bu yaxınlarda internetdə videolar var idi. İnternetdə Zəngilan rayonunda bir kəndin azad edilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntülər var idi. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək.

-Təşəkkür edirəm, çox yaxşı müsahibə idi, cənab Prezident.

– Təşəkkür edirəm.

Son xəbərlər
Digər xəbərlər