“Bu ilin 6 ayında Azərbaycanda kənd təsərrüfatı sektoru 2,2% artıb, amma bu artım daha çox ola bilərdi. Həm keçən il, həm də bu il quraqlıq bizə böyük problem yaradıb, biz torpaqlardan istədiyimiz qədər istifadə edə bilməmişik”.
Bunu Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
“Mən bir qədər əvvəl bu sahədə vahid idarəetmə mexanizminin olması üçün xüsusi komissiya yaratdım. Baş Nazirin müavini Şahin Mustafayev komissiyanın rəhbəridir. Burada aidiyyəti qurumların rəhbərləri təmsil olunur. Və artıq mənə verilən ilkin məlumata görə, konkret Tədbirlər Planının hazırlanması son mərhələdədir. Bu planın bir hissəsi artıq mənə məruzə edilib. Biz yaxın zamanlarda çox geniş Tədbirlər Planının təsdiq edib onu icra etməyə başlayacağıq”, – deyə dövlət başçısı qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, gələcək illərdə də Azərbaycanda indikinə oxşar iqlim mənzərəsinin davam etməsi istisna edilmir: “Dünyada iqlim dəyişikliyi ciddi problemdir. Bəzi ekspertlərin rəyinə görə, Azərbaycanda lazımi addımlar atılmasa 2030-cu ilə qədər ölkənin bəzi ərazilərində səhralaşma prosesi gedə bilər. Buna qətiyyən yol vermək olmaz. Ona görə də, vahid idarəetmə mexanizminin yaradılması ilk məsələ idi. Çünki bu günə qədər bu, yox idi. Bizdə su məsələləri ilə məşğul olan bir neçə dövlət qurumu var. Onların arasında koordinasiya lazımi səviyyədə deyil. Ona görə də, bəzi təsərrüfat və infrastruktur obyektləri nəzarətsiz qalıb. Məsələn, mənə nazir Şahin Mustafayev məlumat verir ki, bəzi su anbarlarından çıxan boru xətlərinə qanunsuz qoşulmalar var. Bu, indi aşkar olunub. Heç kimin vecinə deyil, heç kimin məsuliyyətinə aid deyil. Ona görə də, bu qanunsuz qoşulmalar suyun ədalətli bölgüsünə ziyan vurur. Aydın məsələdir ki, bəzi təsərrüfat sahibləri sudan istifadə edir, o birilərinə çatmır. Həm də israfçılığıa yol verilir. Bəzi əkin sahələrinə o qədər su verilir ki, buna heç ehtiyac yoxdur. Odur ki, vahid idarəetmə mexanizmi işlənməlidir. Mənə təkliflər veriləcək. Eyni zamanda koordinasiya məsələləri, itkilərin azaldılması, sudan səmərəli şəkildə istifadə edilməsi – əgər bunlara nail olarsaq, hətta mövcud su ehtiyatlarımızla biz məsələni həll edə bilərik.
Mənə Şahin Mustafayev həmçinin məruzə edib ki, bu günə qədər Azərbaycanda su balansı tutulmayıb. Bu da dözülməz haldır. Əgər balansı müəyyən edə bilməsək sudan necə istifadə edəcəyik. Necə ki, hər il enerji balansı təsdiq edirik, burada da vəziyyət ona oxşar olmalıdır”.