Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev kompleksdə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdilər.
Bildirildi ki, yaşayış kompleksinin ümumi sahəsi 6,4 hektardır. Layihənin sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK-dır. Yaşayış kompleksinin təməli 2017-ci il mayın 30-da Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Layihə üzrə hər biri 2 bloklu, 9 mərtəbəli 1026 mənzilli 11 yaşayış binası inşası olunub. Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və uşaq bağçası daxildir. Yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri – 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya şəbəkəsi yaradılıb.
Məlumat verilib ki, buradakı mənzillərdən 108-i birotaqlı, 396-sı ikiotaqlı, 360-ı üçotaqlı, 162-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Yeni yaşayış kompleksində hazırda qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq.
Prezident İlham Əliyevin çıxışı zamanı qeyd edib ki, bu yaşayış kompleksinin maliyyələşməsində də sahibkarlar iştirak ediblər.
“Dövlət bu kompleksin yaradılmasına vəsait ayırmayıb. Buna görə bu işi görən “Paşa Holdinq” şirkətinə öz təşəkkürümü bildirmək istəyirəm. “Paşa Holdinq” Azərbaycanda böyük quruculuq işləri ilə məşğuldur, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə böyük investisiyalar qoyur, minlərlə iş yerinin yaradılmasına çalışıb və nail olub. Bu gün bu şirkətin sosial məsuliyyəti göz qabağındadır.” – deyə Prezident çıxışında deyib.