12 C
Baku
Saturday, November 23, 2024

İlham Əliyev şuşalıların öz evlərinə qayıdacağı tarixi açıqladı

“Biz çox böyük sürət götürmüşük və əsas məqsədimiz keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır, onlar hədsiz çox gözləyiblər. Mən bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas maneəmiz, əsas rəqibimiz zamandır.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində bildirib.

Prezident deyib ki, biz bir il ərzində və ya il yarım ərzində bunu, sadəcə, fiziki olaraq edə bilmərik, ona görə ki, siz özünüz də görmüsünüz, orada heç nə yoxdur, özü də hər yerdə: “Mən Bakıdan Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına qədər və digər istiqamətdə Kəlbəcər və Laçın tərəfdən yüzlərlə kilometr yol qət etmişəm, orada hər şey dağıdılıb. Dağıntıların miqyası elədir ki, insan, sadəcə, mat qalır. Axı, bu ərazi sahəsinə görə Livana bərabərdir. Təsəvvür edin, dünyada heç də ən kiçik olmayan bir ölkənin Livanın ərazisinə bərabər ərazini tikmək, abadlaşdırmaq lazım gələcək. Bunu, sadəcə, təsəvvür etmək üçün dedim. Orada heç nə yoxdur, nə yol var, nə işıq, nə qaz, nə su. Heç nə. Tamamilə heç nə. Hamısı dağıdılıb və bunlar Birinci Qarabağ müharibəsi dövründə deyil, işğal dövründə dağıdılıb. Onlar orada daşı-daş üstündə qoymayıblar. Məqsədləri bir olub – biz heç vaxt oraya qayıtmayaq. Onların digər məqsədi isə həmin daşlardan istifadə etmək, bu daşları satmaq olub. Onlar hətta qəbirüstü daşları da satıblar. Vəfat etmiş azərbaycanlılara aid yazıları pozub, daşları Ermənistanda satıblar. Bu məzarüstü daşlardan özlərinin vəfat edənləri üçün istifadə ediblər. Belə bir vandalizmin miqyası təsvirə gəlmir. Onlar məzarları dağıdır, ölülərin ağızlarındakı qızıl dişləri çıxarır, əridir və satırdılar. Təsəvvür edin bu, kimin ağlına gələr. Bax, biz belələrinə qalib gəlmişik. Mən demişəm, biz, sadəcə, ərazi bütövlüyümüzü bərpa etməmişik, biz çox böyük bir şər qüvvəyə qalib gəlmişik. Ümidvaram ki, bu şər qüvvə daha heç vaxt başını qaldırmayacaq. Hər halda biz imkan verməyəcəyik ki, onlar başlarını qaldırsınlar”.

Dövlət başçısı vurğulayıb ki, indi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri:

“Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib”.

Azərbaycan Prezidenti bildirib ki, bütün istiqamətlərdə yollar çəkilir:

“Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcərə tunel yolu çəkilir. Bu yaxınlarda orada olmuşam, yoxlama aparılıb. Üstəgəl Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən yollar. Yəni, bu şəhərlər arasında əlaqə yaradılacaq. Bu il biz təkcə azad olunmuş ərazilərin bərpası proqramına 1,3 milyard dollar vəsait ayırmışıq. Bu məbləğin təqribən 400 milyon dolları hələlik bölünməyib, çünki biz bütün qaydalara – tender, planlaşdırma, layihələndirmə prosedurlarına riayət edirik. Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməlini qoymuşam. Mənim fikrimcə bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və biz şuşalıları oraya qaytara biləcəyik”.

Son xəbərlər
Digər xəbərlər