“Demək olar ki, bütün ölkələrin ümumi daxili məhsulu zərbə altındadır. Bununla belə, bu ilin dörd ayında bizdə ümumi daxili məhsulun artımı 0.2 faiz səviyyəsində olub. Lakin anlayırıq ki, növbəti ay çox güman bu göstərici də aşağı düşəcək”.
Bu sözləri Prezident İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda deyib.
Dövlət başçısı bildirib ki, sənaye sektorunda vəziyyət daha yaxşıdır. Qeyri-enerji sənayesində 13 faizdən artıq artım olub.
“Lakin, əlbəttə, koronavirus ümumi daxili məhsula və iş yerlərinə zərbə vurur, çünki biz, təbii ki, işsizliyin artmasını hesablayacağıq. Amma onun qarşısını almaq üçün 2 milyard avro həcmində çox ciddi iqtisadi və sosial paketi işə salmışıq. İqtisadiyyatın hazırda tam bağlandığı sahələrdə işlərini itirmiş insanları qorumaq üçün bunu edirik. Məsələn, turizm. O, indi sıfır səviyyəsindədir. Bir sözlə, bu məsələlər hazırda daha çox əhəmiyyət kəsb edir. Hesab edirəm ki, biz diqqətimizi onun üzərinə yönəldəyəcəyik”, – deyə Prezident qeyd edib.