18 C
Baku
Saturday, April 26, 2025

İlham Əliyev: “150 milyon çinli turistin cəmi 1 %-i Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq”

Hər il xaricə səhayət edən 150 milyon Çin vətəndaşının cəmi 1 %-i Azərbaycana gəlsə, bu, ölkəmiz üçün yetərli olacaq.

Bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı Azərbaycanın ötən il ilk dəfə Çin vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv etdiyini xatırladaraq bu il eyni addımı atdıqları üçün qarşı tərəfə minnətdar olduğunu deyib.

“Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Bu gün, həmçinin həmkarlarımla aviareyslərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və ya 7 aviareys həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, iki dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram, bu rəqəm artacaq. Bu gün mən öyrəndim ki, 150 milyon çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq”, – deyə o qeyd edib.

İ.Əliyevin sözlərinə görə, Azərbaycan turizm sektorumuzu inkişaf etdirmək istəyir: “Bizim coğrafi üstünlüklərimiz var – Xəzər dənizi, xizək kurortları, meşələr və çaylar və hətta yarımsəhra ərazimiz var. Ona görə də hər kəs zövq almaq üçün bir məkan tapa bilər. Bundan əlavə, çox yaxşı mətbəximiz, qonaqpərvər insanlarımız var. Sadəcə olaraq bizim özümüzü təqdim etməyə, ölkənin təqdimatını etməyə və sözsüz ki, dost ölkələrlə viza rejimini aradan qaldırmağa ehtiyacımız var. Bu gün həqiqətən də tarixi gündür və Azərbaycan vətəndaşları üçün çox yaxşı xəbərdir, çünki onlar sadəcə olaraq bilet alıb Çinə gələ bilərlər”.

Prezident həmçinin deyib ki, Azərbaycan daha çox ölkə vətəndaşının Çinə səfər etməsini, təhsil almaq, işləmək üçün bu ölkəyə gəlməsini istəyirik: “Biz, həmçinin təhsil sahəsində əməkdaşlığımızı müzakirə etdik. Ölkələrimizdə hər iki ölkədən təhsil alan 100-dən çox tələbə var”.

Son xəbərlər
Digər xəbərlər