21:30 – Sentyabrın 25-də BMT-nin mənzil-qərargahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ilə görüşüb.
Banker.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı BMT-nin fəxri qonaqlar kitabını imzaladı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş birgə foto çəkdirdilər.
Baş katib Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsində Azərbaycana səfərini xatırlayan Antonio Quterreş həmin vaxt ölkəmizdə qaçqın və məcburi köçkünlərin ağır vəziyyəti ilə yerində tanış olduğunu dedi. O, bütün bu məsələlərin artıq keçmişdə qaldığını sevinc hissi ilə vurğulayaraq, Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları ilə əlaqədar böyükmiqyaslı layihələr həyata keçirdiyini qeyd etdi.
BMT-nin Baş katibi COP29-un Azərbaycanda uğurla keçirilməsi və beynəlxalq iqlim gündəliyinin irəli aparılması baxımından əldə olunmuş nailiyyətlər münasibətilə də dövlətimizin başçısını təbrik etdi və bu tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı təşəkkürünü çatdırdı.
Antonio Quterreş BMT ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, hazırda ölkəmizin bu təşkilatın digər regionlarda fəaliyyətini dəstəklədiyinə görə minnətdarlığını bildirdi, beynəlxalq böhranların aradan qaldırılmasında Azərbaycanla BMT arasında əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu qeyd etdi.
Azərbaycanın çoxtərəfli diplomatiyada fəal roluna toxunan BMT-nin Baş katibi Qoşulmama Hərəkatında ölkəmizin uğurlu sədrliyini də vurğuladı, Azərbaycanın artıq donor ölkə olaraq BMT-nin müxtəlif institutlarının fəaliyyətinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirdi.
BMT-nin Baş katibi ölkəmizin regional əməkdaşlıq layihələrinin inkişafındakı, həmçinin Mərkəzi Asiya ilə regional nəqliyyat bağlantılarının yaradılmasındakı rolunu qeyd etdi.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələrin tarixi əhəmiyyət daşıdığını vurğuladı. İki ölkə arasındakı münasibətlərin və regiondakı vəziyyətin tamamilə dəyişdiyini deyən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan və Ermənistan müstəqilliklərini əldə edəndən bəri regionda sülh olmayıb. Hazırda isə bölgədə sülh mövcuddur. Hər iki ölkənin sülh şəraitində yaşamağa öyrəşdiklərini vurğulayan Prezident İlham Əliyev bunun həm Azərbaycan, həm də Ermənistan üçün mühüm və tarixi önəm kəsb etdiyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı da öz növbəsində işğaldan azad olunmuş ərazilərimizdə görülən genişmiqyaslı bərpa və quruculuq işlərini qeyd etdi. Bu xüsusda Prezident İlham Əliyev 53 mindən artıq keçmiş məcburi köçkünün öz doğma torpaqlarına qayıtdığını, Azərbaycanın “Böyük Qayıdış” Proqramına uyğun olaraq genişmiqyaslı bərpa və quruculuq işlərini həyata keçirdiyini bildirdi.
Dövlətimizin başçısı Azərbaycanın donor kimi COVID-19 zamanı 80-dən çox ölkəyə yardım göstərdiyini qeyd etdi və bundan sonra da regional, həmçinin beynəlxalq sülh gündəliyini dəstəkləyərək bu işə öz töhfəsini verəcəyini dedi.
2026-cı ildə ölkəmizdə BMT-nin Ümumdünya Şəhərsalma Forumu kimi böyük tədbirinin keçiriləcəyinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, bu tədbir Azərbaycanın şəhərsalma, xüsusən də postmünaqişə şəraitində şəhərsalma sahəsində əldə etdiyi zəngin təcrübəsinin beynəlxalq ictimaiyyətlə bölüşməsi üçün yaxşı fürsət yaradır.
18:45 – Sentyabrın 25-də BMT-nin mənzil-qərargahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.
Əvvəlcə dövlət başçısı BMT-nin fəxri qonaqlar kitabını imzalayıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin baş katibi Antonio Quterreş birgə foto çəkdiriblər.