Müsahibimiz :«AccessBank»-ın baş meneceri Endryu Pospilovski
Əvvəlcə, Sizi və kollektivinizi «AccessBank»ın uğurları – «Financial Times» tərəfindən Şərqi Avropanın inkişaf edən bazarlarında 3 ən sabit bankdan biri elan olunmağınız, mikrokreditlər sahəsində yeni rekorda imza atmanız, «Fitch Ratings» tərəfindən reytinqinizin yüksəldilməsi və nəticədə Azərbaycanın ən yüksək reytinqli bankı olmanız, kredit portfelinizin həcminin artması və nəhayət, «İlin bankiri» seçilməyiniz münasibətilə təbrik edirik. Xüsusilə, qlobal maliyyə böhranı şəraitində bu, ikiqat igidlikdir. Açıqlamalarınızda həmişə bir məqamı vurğulayırsınız ki, bütün uğurlar bir nəfərin deyil, kollektivin nailiyyətidir.
Necə yaratdınız bu ideal kollektivi? İşçiləri işə qəbul edərkən əsas hansı keyfiyyətlərə diqqət yetirirsiniz?
Təbrikə görə təşəkkür edirəm. Mən həmişə belə təbrikləri əməkdaşlarımızın adına qəbul edirəm. Doğrudan da, bu, tək mənim deyil, bütün kollektivin əməyinin nəticəsidir. Onların hər birinin bu uğurda payı var. Uğur qazanmaq üçün kollektivin birgə səyi çox vacibdir. Hər şeydən əvvəl, yeni əməkdaşları işə götürərkən düzgün və şəffaf seçimə üstünlük veririk. Biz əməkdaşların ixtisaslarının artırılmasına, onların təlim keçməsinə böyük investisiyalar yatırırıq. Treninq mərkəzimizdə hər gün təlimlər keçirilir. Bunun nəticəsidir ki, hər kəs üzərinə düşən işin nədən ibarət olduğunu və onun öhdəsindən necə gəlməyi gözəl bilir. 7 il ərzində bankda əməkdaşların seçimi üçün konkret prosedurlar hazırlanıb. İşçi seçərkən onun əvvəlki təcrübəsindən daha çox,potensialına üstünlük veririk. Biz əvvəllər bank sektorunda işləyib təcrübə qazanmış işçiləri deyil, universiteti yenicə bitirmiş gəncləri işə cəlb etməyə çalışırıq. Onlara öz karyeralarını qurmaq üçün geniş imkanlar yaradırıq. İşçi seçimində əsaslandığımız konkret yanaşmalar və meyarlar var. Əsas fikir verdiyimiz cəhət, dediyim kimi onların potensialı, bank əməkdaşı üçün vacib olan dəqiqlik, əsas riyazi biliklərə malik olmaları, qabiliyyətləri və vərdişləridir. Bizim öz test sistemimiz var, testdən keçənlərlə görüş keçirib, onları müxtəlif şöbələrə yönəldirik. Bu prosesdə hər şey şəffaf və ictimaiyyət üçün açıqdır.
Bu yaxınlarda Avropada yerləşən nüfuzlu bir agentliyin işçilər arasında apardığı sorğu maraqlı nəticə ortaya qoyub. Sorğuya cəlb olunan işçilərin əksəriyyəti hesab ediblər ki, onların daha həvəslə işləməsi, faydalı iş əmsalının artması üçün pul, mükafat əsas rol oynamır. İşçilərin fikrincə, əsas rəhbərin işçiyə münasibəti, onu sözlə həvəsləndirməsidir.
Bəs, Siz əməkdaşlarınızın daha yüksək nəticə əldə etməsi üçün hansı idarəetmə metodlarından, fərdi yanaşmalardan, həvəsləndirmələrdən yararlanırsınız?
Mən bu fikirlə tamamilə razıyam. İşçini motivə etmək, onun potensialından daha çox faydalanmaq üçün təkcə pul əsas rol oynamır. Düzdür, maddi həvəsləndirmənin də müəyyən rolu var. Ona görə də biz işçilərin əməkhaqqının rəqabət qabiliyyətli olmasına çalışırıq. Amma əminəm ki, işçinin tam motivə olması üçün bunlar yetərli deyil. Biz ilk növbədə, işçiyə karyerasını inkişaf etdirmək imkanı veririk. Bankın hazırki idarə heyətinin dörd üzvü öz fəaliyyətinə bu bankda, özüdə sıravi işçi kimi başlayıb. Bundan başqa bütün 23 filialımızın rəhbərləri də əmək fəaliyyətlərinə bu bankda başlayıblar. Bu da onu göstərir ki, bizim bankda işçiyə karyera qurmaq üçün geniş imkanlar yaradılır. Bizdə münbit kollektiv atmosferi var. Bu da işçiləri motivə etmək üçün çox mühüm amildir.
«Bankımızda hər bir kredit mütəxəssisi verdiyi kreditə görə cavabdehdir, buna görə də, rəhbərlik ona hansısa krediti verməyi əmr edə bilməz»
“Access Bank” daha çox verdiyi kreditlərin həcminəgörə məşhurlaşsa da, uzun müddətli gecikmələrinin az olması, demək olar ki, olmaması diqqəti cəlb edir.
“İlin Bankiri” kimi, necə fikirləşirsiniz kredit işçiləri müştəri analizinin düzgün aparılması üçün hansı prosedur qaydalarına riayət etməlidirlər?
Bu sual ətrafında günlərlə danışa bilərəm. Çalışacam ki, mümkün qədər qısa cavab verim. Birincisi, bank əməkdaşı verdiyi kreditə görə məsuliyyət hiss eləməlidir. Düzdür, kreditin verilib verilməməsi barədə qərarı o təkbaşına qəbul etmir, amma, ilk qərar verən tərəf kredit mütəxəssisi özü olur. Verdiyi kreditə görə məsuliyyət daşımaq mənim fikrimcə, işçiyə qarşı qoyulan tələbərin siyahısında birinci yerdə dayanır. İkincisi, bu yeddi ildə biz maliyyə təhlilinin aparılmasında böyük təcrübə qazanmışıq. Apardığımız təhlillər bizə ayrı-ayrı biznes sahələrinin imkanlarını, inkişaf səviyəsini, risk dərəcəsini, gəlirliliyini, hansı həcmdə kreditin faydalı olacağını dərindən öyrənməyə imkan verib. Bu təhlil, dərin təcrübə işimizin uğurla alınmasında bizə çox kömək edir. Eyni zamanda müştərilərimizə də yardım edir.
Çünki biz bilirik ki, hansı müştəriyə nə qədər kredit vermək olar, onları qədərindən artıq öhdəliklə yükləmirik. Bu da onların krediti vaxtında qaytarmasına, borc öhdəliyinin yaranmamasına imkan verir. Müştərilərdə ən çox narazılıq kredit verməkdən imtina etdikdə və ya istədikləri məbləği verməyəndə yaranır. Ancaq çox keçmədən onlar başa düşürlər ki, biz düzgün etmişik, çünki bizdən aldıqları kredit onların inkişafına yardım edə bilməyəcək. Kredit mütəxəssislərimiz kreditin verilməsi barədə qərarı müstəqil qəbul edirlər. Heç kəs onları iradələrindən kənar qərar çıxarmağa məcbur edə bilməz. Rəhbərlik onlara hansısa krediti verməyi əmr edə bilməz. Məhz buna görə də ən böyük məsuliyyət kredit mütəxəssisinin boynundadır.
Bankların beynəlxalq reytinqinin müştərinin etibarını qazanmasında böyük rolu var
Keçmiş SSRİ dövründə əhalinin dövlət banklarındakı əmanətləri batdığı üçün, müstəqillik dövründə piramida üsulundan istifadə edən kommersiya bankları əhalinin əmanətlərini mənimsədiyinə görə əhalinin banklara inamı azdır. Fikrinizcə, bu inamı qaytarmaq üçün banklar hansı addımlar atmalıdır?
Etibarı itirmək çox asandır, bu, bir anın içində mümkündür.Etibarı qazanmaq isə uzun müddətli işin nəticəsidir. Biz bunu gözəl başa düşürük. Başa düşürük ki, etibarı işinlə qazanmalısan. Bizim təsisçilərimizin hamısı xarici kapitalı təmsil edir və böyük maliyyə institutlarıdır. Bizim təsisçilər Azərbaycanda pul qazanmaq üçün yox, bu ölkənin inkişafı üçün səy göstərirlər.Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korpora siya sı, KfW –İnkişaf Bankı (Almaniya Hökumətinin İnkişaf Bankı), Qara Dəniz Ticarət və İnkişaf Bankı dünyada tanınmış, etibarlı maliyyə tərəfdaşlarıdır. Bu amil ilk növbədə müştərinin inamını qazanmağa xidmət edir. Biz bu bazarda birinci il deyil ki, fəaliyyət göstəririk.
Müştərilərimiz görürlər ki, bizim həmişə vəsaitimiz olub, kredit verilməsini heç vaxt dayandırmamışıq. Bu isə bankın imicinin möhkəmlənməsinə, müştərinin inamının artmasına münbit zəmin yaradır. Azərbaycanın Mərkəzi Bankı da bank sektorunun inkişafı, əhalinin banklara inamının artması istiqamətində tədbirlər həyata keçirir. Əmanətlərin sığortalanması sisteminin yaradılması bu tədbirlərdən biridir. Sığortalanan minimum əmanət məbləğinin 30 min manat olması kifayət qədər ciddi rəqəmdir. Bizim bank da Azərbaycandakı digər banklarkimi bu sistemin üzvüdür. Bununla yanaşı bankların beynəlxalq reytinqinin də müştərinin etibarını qazanmasında böyük rolu var. Bizim bankın Beynəlxalq Reytinq Agentliyi FİTCH tərəfindən qiymətləndirilmiş reytinqi Azərbaycan bankları arasında ən yüksək göstəricidir.
Bu yaxınlarda «JP Morgan»ın inkişaf edən ölkələrin korporativ-borc öhdəlikləri üzrə tədqiqat qrupunun müştərək rəhbəri Viktoriya Mayls «Access Bank» Müşahidə Şurasının üzvü olub. Sizcə, Xanım Maylsın təyinatı «Access Bank»ın gələcək fəaliyyətində nə qədər faydalı olacaq?
Əvvəla demək istəyirəm ki, «JP Morqan» dünyada tanınmış investisiya bankıdır. Bank bütün dünyada, xüsusilə də Şərqi Avropada böyük layihələr həyata keçirib. Xanım Mayls «JP Morqan»ın investisiyalarla bağlı tədqiqat şöbəsinə rəhbərlik edən iki nəfərdən biridir. O, Azərbaycan, Qazaxıstan və digər ölkələrlə bu sahədə əməkdaşlıq etməklə zəngin təcrübə qazanıb. Xanım Mayls bu ölkələrin bank-maliyyə sistemi haqqında geniş məlumata malikdir. Onun «AccessBank»ın müşahidə şurasının üzvü olmağa razılıq verməsi bizim üçün böyük fəxrdir. Mən demirəm ki, xanım Mayls bizim bankın sistemini bir günə dəyişəcək. Amma onun zəngin təcrübəsindən səmərəli faydalanacağımıza inanıram. Əminəm ki, onun təcrübəsi bankımızın gələcək inkişaf strategiyasının formalaşmasında və maliyyə risklərinin idarə olunması sahəsində əvəzsiz rol oynayacaq.
Müştərilərimizin 1/3-dən çoxu, 25 mini kənd təsərrüfatı sektorunda çalışır”
«AccessBank»ın regionlarda vəziyyəti necədir və bölgələrə genişlənməklə bağlı hansı layihələri var? Mikrokreditlər sahəsində böyük uğur qazanmış «AccessBank» daha hansı regionun sahibkarlarına bu təcrübədən istifadə etməyə imkan yaradacaq?
Bizim bankın genişlənməsi ilə bağlı son üç addımı regionlarla bağlı olub. Biz bütün ölkəni əhatə etməyi planlaşdırırıq. Hələ ki, Azərbaycanın əsas regionlarında fəaliyyət göstəririk. Son üç ildə biz Abşeronun hüdudlarından çıxıb, regionlara doğru genişlənməyi bacarmışıq. Regionlarda filiallar şəbəkəsini artıq qurmağa başlamışıq. Növbəti illərdə onu daha da genişləndirməyi düşünürük. Kəmiyyət baxımından verdiyimiz biznes kreditlərin yarısı regionların payına düşür. Ancaq məbləğlə ifadə etdikdə, kredit portfelinin həcmindəki payına görə, regionlar Abşerondan geri qalır. Mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu gün biz kənd təsərrüfatı sektorunda çox uğurlu fəaliyyət göstəririk. Regionlardakı filiallarımızın verdikləri kreditlərin yarısı investisiya kimi bu sektora qoyulur. Müştərilərimizin 1/3-dən çoxu, 25 mini kənd təsərrüfatı sektorunda çalışır.
«AccessBank»ın yaxın gələcəklə bağlı hansı planları var? Kredit bölməsi kimi, digər bölmələrin də yüksək səviyyədə inkişaf etdirilməsi üçün işlər görüləcəkmi?
– Fəaliyyət göstərdiyimiz 7 ildə ən çox inkişaf edən kredit departamentimiz olub. Başqa istiqamətlərə də diqqət yetiririk. Müştəri xidmətləri departamentinin səviyyəsi çox yüksəkdir. Əhalidən əmanətlərin cəlbi sahəsində işlər ürəkaçandır. Əhali əmanətlərini bizə etibar edir. Təsadüfi deyil ki, ötən il depozit portfelimiz 3 dəfə artıb. Bundan əlavə əhali üçün yeni məhsullar hazırlayıb təqdim etmişik. Bu, minimum əmanət məbləği və depozitlərə verilən yüksək faizlərlə bağlıdır.
Minimum əmanət məbləğini 50 manata endirmişik ki, hamının depozit qoymağa imkanı olsun. Eyni zamanda pul köçürmələri və cari hesablar sahəsində neçə illərdir ki, aktiv fəaliyyət göstəririk. Azərbaycan ailələrinin xaricdən pul alması üçün uğurlu vasitəçilik edirik. İstehlak kreditləri, «Visa» plastik kartları sahəsində də inkişaf var. Biz əsas fəaliyyətimizi kiçik biznes sahəsində çalışan əhaliyə bütün bank xidmətlərini göstərmək üzərində qurmuşuq.
“Bankda çalışan 1000 işçidən yalnız ikisi xarici ölkə vətəndaşıdır”
Cənab Endryu Pospilovski ölkəmiz, onun insanları və iqtisadiyyatı barədə nə düşünür? Ölkəmizdə hansı məkanlar xoşuna gəlir?
Əvvəlcə, işimlə bağlı olduğu üçün ölkənizin iqtisadiyyatı barədə fikirlərimi bildirmək istəyirəm. Azərbaycanın əsas ixrac gəliri neft və neft məhsullarının satışı üzərində qurulub. Təbii ki, neft sənayesi ölkənin məşğul əhalisinin əksəriyyətini iş yerilə təmin edə bilməz. Yeni iş yerlərinin yaradılması iqtisadiyyatın diversifikasiyasından, kiçik və orta biznesin inkişafından asılıdır. İnkişaf etmiş ölkələrdə əhalinin əksər hissəsi sadaladığım sahələrdə çalışır. Mən Azərbaycanda kiçik və orta biznesin böyük inkişaf perspektivlərinin olduğu qənaətindəyəm. Konkret desək, Azərbaycanda kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı inkişaf potensialı olan sahələrdir. Təzə meyvə və tərəvəzin xaricə ixracı seqmentinin inkişafı Azərbaycana böyük mənfəət gətirə bilər. Bu gün Azərbaycanda bu sektorla bağlı böyük layihələr həyata keçirilir, meyvə-tərəvəzin saxlanması üçün anbarlar tikilir. Kənd təsərrüfatı Azərbaycanın ənənəvi sektorudur. Bu seqmentin inkişafı üçün yeni texnika və texnologiyanın tətbiqi qaçılmazdır. Ölkənizdə yeyinti sənayesini dirçəltmək üçün də böyük potensial var. O ki, qaldı Azərbaycanda nəyi xoşlamağıma, mən birinci növbədə öz işimi bəyənirəm. Bizim bankda çox gözəl kollektiv formalaşıb. Bankda çalışan 1000 işçidən yalnız 2-si xarici ölkə vətəndaşıdır. Bu hesabla mən 998 azərbaycanlı ilə bir yerdə çalışıram. 4-cü ildir ki, Azərbaycanda çalışıram, heç yerə getmək fikrim yoxdur, belə komanda ilə işləmək gözəldir. Ölkənizdə ailəmlə birgə yaşamaq isə mənə daha da xoşdur.
Qızım iki yaş yarımlıqdır. O,Bakıda uşaq bağçasına gedir, birlikdə bulvara gəzintiyə çıxırıq. İstirahət günləri Azərbaycanın dağlarında dincəlmək isə bir ayrı ləzzətdir. Vur-tut iki saat yarıma ailəmlə birgə şəhərdən kənara çıxıram. Meşədə, dağda çadır qururuq, gecələyirik, vəhşi təbiətin qoynunda azadlıq hissini doyunca yaşayırıq. Hər qarış torpağına insan ayağı dəymiş, insan əli ilə qurulub tikilmiş İngiltərədə istirahət üçün çadır qurmağa yer tapmaq mümkün deyil. Dağlarda çadır qurub dincəlməklə yanaşı mən Xəzər sahillərindəki vəhşi çimərlikdə istirahət etməyi də çox sevirəm.
“Qızını uşaq bağçasına velosipedlə aparan təkcə mən deyiləm ”
Eşitdiyimizə görə işə velosipedlə gedib gəlirsiniz. Bu, Bakıdakı tıxaclarla bağlıdır, yoxsa velosipedə vurğunluqla?
(Gülür) Etiraf edim ki, idman zalına gedib məşğul olmağa vaxt tapmadığımdan işə velosipedlə gedib-gəlməyə hər şeydən əvvəl məşq kimi baxıram. Əvvəlcə velosipedlə qızımı uşaq bağçasına qoyuram, sonra işə gəlirəm. Bakıda çoxlu dostlarım var ki, işə velosipedlə gedib gəlirlər. Belə demək mümkünsə, qızını uşaq bağçasına velosipedlə aparan təkcə mən deyiləm. Bu qızımın da xoşuna gəlir və vaxta qənaət etməyə imkan verir. Maşınla getmək həm vaxt itkisi dir, həm də stress. İngiltərədə velosipeddən istifadə çox geniş yayılıb. Parlamentdəki müxalifət partiyasının rəhbəri, əksər nazirlər şəhərdaxili nəqliyyat vasitəsi kimi velosipedə üstünlük verirlər. Sizə də məsləhət görürəm ki, maşınınızı bir tərəfə tullayıb, işə velosipedlə gedib gələsiniz.