Azərbaycanda gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış xam neft və təbii qaz ixracının statistik qiymətləndirilməsi nəzərə alınmaqla, ölkənin xarici ticarət dövriyyəsi 8 milyard 211,2 milyon ABŞ dolları təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bunun 4 milyard 73,2 milyon dolları və ya 49,6 faizi ixracın, 4 milyard 138 milyon dolları və ya 50,4 faizi isə idxalın payına düşüb. Nəticədə 64,8 milyon dollarlıq mənfi ticarət saldosu yaranıb.
2024-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 27,2 faiz, real ifadədə 9,2 faiz artıb. Bu müddətdə idxal real ifadədə 39 faiz artdığı halda, ixrac 8,9 faiz azalıb.
Qeyri neft-qaz məhsullarının ixracı 485 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 6,6 faiz artım, real ifadədə isə 12,6 faiz azalma deməkdir.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin ilk iki ayında xarici ticarət dövriyyəsinin strukturunda əsas tərəfdaş ölkələr aşağıdakı kimi olub:
- İtaliya – 25,6 faiz
- Türkiyə – 11,3 faiz
- Rusiya – 11,2 faiz
- Çin – 8,4 faiz
- Almaniya – 5,5 faiz
- Avstraliya – 2,7 faiz
- Çexiya – 2,6 faiz
- Birləşmiş Krallıq – 2,4 faiz
- Xorvatiya və Meksika – hər biri 2,1 faiz
- Rumıniya – 2,0 faiz
- Gürcüstan – 1,7 faiz
- Yunanıstan – 1,6 faiz
- İsveçrə və Bolqarıstan – hər biri 1,5 faiz
- İrlandiya və Portuqaliya – hər biri 1,3 faiz
- Braziliya, İran və ABŞ – hər biri 1,2 faiz
- Kanada – 1,1 faiz
- Ukrayna – 1,0 faiz
- Digər ölkələr – 9,5 faiz