Bir ay müddətində 500 minə qədər əmək müqaviləsi elektron qaydada imzalanıb.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Grand HR sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq kağız daşıyıcılara ehtiyac yoxdur, əmək müqaviləsi ƏMAS-da əmək münasibətlərinin hər iki tərəfinin gücləndirilmiş elektron imzası vasitəsilə elektron sənəd formasında imzalandıqda hüquqi qüvvəyə minir: “Sistemdə istənilən növ əmək müqaviləsinin bağlanması, dəyişiklik edilməsi, müvafiq əmrlərin verilməsi üçün interfeys yaradılıb. Bəzi əmrlər məcburidir, bəzi əmrlərin isə elektron uçotu aparılmalıdır”.
V.Quliyev qeyd edib ki, son illər sosial sahədə aparılan ardıcıl və genişmiqyaslı islahatlarla dövlət sosial xidmətlərinin rəqəmsal infrastrukturu da qurularaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərinin 90 faizindən çoxu elektronlaşdırılıb: “50-dən çox proaktiv xidmət, ölkənin sosial reyestri olan e-sosial portalı, əmək münasibətləri və məşğulluq üzrə vahid rəqəmsal platforma olan “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) yaradılıb. Əmək kitabçaları da artıq tarixə qovuşur. İşəgötürən istənilən informasiyanı data bazadan, ƏMAS (Əmək və Məşğulluq altsistemi) vasitəsilə əldə edə bilər”.
Xidmət rəisi əlavə edib ki, qurumun apardığı araşdırmaların 70 faizi DOST mərkəzlərində, 10 faizi isə elektron qaydada həyata keçirilir: “Əməyin mühafizəsi xidməti ilə birlikdə böyük layihələrimiz var. Ən vacib işlər isə azad olunan ərazilərdə həyata keçirilir”.
O vurğulayıb ki, bu gün ölkədə nümunəvi əməyin mühafizəsi standartlarını tətbiq edən bir sıra şirkətlər var: “Əməyin mühafizəsi sahəsində milli standartlar üzrə artıq bir standart qəbul olunub və ilin sonuna qədər 100-ə yaxın standartın da qəbulu nəzərdə tutulub”.