Bu ilin sonuna işğaldan azad olunan ərazilərin bərpası üçün sərf edilən vəsaitin həcmi 12 milyard manata çatacaq.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Bərpa və yenidənqurma prosesinin çox sürətlə getdiyini deyən Emin Hüseynov bu vəsaitin ildən-ilə artacağını vurğulayıb.
İşğaldan azad olunan ərazilərdə yaradılan infrastruktur layihələri ilə bağlı məlumat verən Emin Hüseynov həmin ərazilərin böyük kənd təsərrüfatı, iqtisadi və turizm potensialının olduğunu və bərpa prosesi başa çatdıqdan sonra bu potensiallardan geniş istifadə olunacağını bildirib.