İpoteka imkanlarının artması, eləcə də kirayə mənzillərə tələbatın yüksəlməsi fonunda daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunur.
Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlamasında bildirib.
O bildirib ki, bazarda artım tendensiyası artıq qeydə alınıb və ilin sonuna qədər bu, daha da sürətlənə bilər:
“Yeni tikililərdə qiymətlər ötən illə müqayisədə 15.9%, köhnə tikililərdə 12.2% bahalaşıb. Bu, artımın davamlı olduğunu göstərir. İlin sonuna qədər 20 faizə yaxın ümumi qiymət artımı gözlənilir.”
Ekspert əlavə edib ki, təkcə mənzillər deyil, torpaq sahələri və qeyri-yaşayış obyektlərində də qiymətlər yüksəlir. Son bir ayda:
-torpaqlar 3.2%,
-qeyri-yaşayış obyektləri 1.7%,
-fərdi evlər 2.4%,
-köhnə tikililər isə 1.4% bahalaşıb.
Orucun fikrincə, bu artımın davam etməsi üçün əsaslı səbəblər var və yalnız fors-major hallar prosesi ləngidə bilər.