13 C
Baku
Tuesday, May 14, 2024

İlin sonuna qədər manatla nə baş verəcək?

Strateji planlaşdırma və marketinq sahəsində ekspert və Avropanın aparıcı biznes məktəbi olan SDA Bocconi school of management məzunu Aslan Əlibəyli Vinegret.az saytına verdiyi müsahibəsində dolların manatla münasibətdə gələcək inkişafını təhlil etmiş, həmçinin böhranın müsbət cəhətlərini səsləndirmişdir.

Mərkəzi bank maatın məzənnəsini dəstəkləmək üçün ayda milyard dollara yaxın vəsait xərcləyir. Bu da manatın məzənnəsinin “üzən məzənnə” olduğu elan edildikdən və devalvasiya elan edildikdən sonra baş verib. Sizə görə, bütün bunlar nədən xəbər verir?

Birincisi, valyuta ehtiyatlarından istifadə etmək manatın məzənnəsinə təzyiqlərin saxlandığı və onun hələ sabitləşmədiyi deməkdir. Milli valyutanın gələcək zəifləməsi isə açıq-aydındır. İkincisi, məzənnənin üzən olduğunu elan etmək valyuta bazarına məzənnənin növbəti dəfə enəcəyini, dəyişmələrin olacağını və həyəcana ehtiyac olmadığını xəbərdarlıq etmək deməkdir. Ola bilsin, bunu (üzən məzənnə vəziyyətini) hələ 2014-cü ilin noyabr ayında başlamaq lazım idi. Üçüncüsü isə qızıl ehtiyatları sonsuzdur. Bu dərəcədə iri xərclər uzun müddət davam edə bilməz. Təbii olaraq, növbəti aylar ərzində manatın zəifləməsini gözləmək mümkündür.

Sizcə, Mərkəzi Bank bazara valyuta ehtiyatlarını buraxmaqla neçə ay manatı qoruyub saxlaya biləcək?

Müddət üzrə proqnoz vermək, mövcud məzənnə üzrə proqnoz verməkdən çətindir. Məsələ ondadır ki, məzənnədən fərqli olaraq, zamanda iqtisadiyyat yox siyasət böyük əhəmiyyət daşıyır. Bu müddətə isə ölkədə açar mövqeli qərarlar qəbul edən az insan qrupu təsir edir. Onlar ilk növbədə siyasi məntiqlə hərəkət edirlər. Bununla bağlı da kifayət qədər məlumatımız olmadığından, proqnoz vermək mümkün deyil.

Texniki cəhətdən, valyuta ehtiyatlarının və neft fondunun ehtiyatlarının hələ neçə ay bəs edəcəyini hesablamaq olar. Lakin bu informasita yalnızca çaşqınlıq yaradacaq. Heç kəs ehtiyatların tamamilə tükənməsini gözləməyəcək.

Dolların manata münasibətində dolların növbəti artımı nə vaxt baş verə bilər?

Bu sabah və yaxud iyulda, təcrübənin sübut etdiyinə görə təqvimin istənilən günü baş verə bilər. İlin sonuna qədər manat məzənnəsində əhəmiyyətli dəyişikliklər olacaq. Məşhur “Bİg Mak indeksini” əsas götürsək (hansı ki, bütün ölkələrdə bu məhsulun dəyəri eynidir) bu gün 1 dolların dəyəri təqribən 1,30 – 1,35 manat olmalıdır. Bu hesablamaya bazar gözləntilərini də əlavə etsək məzənnə bir qədər də yüksək ola bilər. Əlbəttə ki, məzənnənin üzən dəyişikliyi zamanı panika minimal həddə olacaq.

Bu məzənnə hansı təhlükələr daşıyır? Qiymətlər nə dərəcədə dəyişə bilər və bu kiçik və orta biznesə necə təsir edəcək?

Manatın məzənnəsinin növbəti zəifləməsi vəziyyəti yalnızca pisləşdirməyə xidmət edəcək. Devalvasiya tək deyil, inflyasiya ilə birgə baş verir. Qiymətlər artacaq, əhalinin ödəmə qabiliyyəti pisləşəcək. Nəticədə də istehlak və məhsul mübadiləsi enəcək. Bu biznes həcminin azalmasına, ardınca isə iş yerlərinin azalmasına səbəb olacaq. Son nəticədə isə emiqrasiya, sosial gərginlik, mişət cinayətkarlıqlarının sayı (qarət) artacaq.

Yuxarıda sadalananlar kiçik və orta biznes üçün heç də xoş mənzərə yaratmır. Lakin zənnimcə sahibkarlar üçün ən böyük problem rüşvətxorluq və bazara çıxış maneələridir. Bu münasibətdə isə böhran faydalıdır. Çətin iqtisadi vəziyyət düzgün idarə edilməyən biznes modellərini sıradan çıxaracaq. Burada isə bazarda xüsusi yer tutmaq və islahatlardan fayda çıxarmaq imkanları yaranacaq. Səhv etmirəmdə Nemçov demişkən: “İslahatlar pul bitdiyi yerdə başlayar”.

Deməli, böhranda müsbət cəhətlərin olduğunu düşünürsünüz?

Bəli, təəssüflər olsun ki, mənfi cəhətlər kifayət qədər çox olacaq. Bununla yanaşı, zaman amilini də diqqətə almaq lazımdır. Bütün proseslər eyni anda baş verməyəcək. Qaydalara əsasən, böhranın mənfi cəhətlərini ilk olaraq hiss edirik. İslahat və dəyişikliklər isə daha sonradan baş tutur.

Yekun olaraq, ilin sonuna qədər gözləntiləriniz nədir?

Gözləntilərim – manatın məzənnəsinin enməsi, iş yerlərinin azalması, sosial gərginliyin artmasıdır, idxal həcminin azalması, inhisarların birləşməsidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər