12 C
Baku
Saturday, November 23, 2024

“İlin sonuna qədər Qarabağda və Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq”

Biz bu ilin sonuna qədər azad edilmiş torpaqlarda – həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq: yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları. Ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyasını ki, Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət verəndən sonra onları yandırıb dağıtmışdılar. Beləliklə, bu, əsas məsələdir. Çünki bu olmasa, heç bir inkişafdan söhbət gedə bilməz.

 Bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində danışıb.

Bundan sonra yaşıl enerji layihəsinin icra ediləcəyini diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, artıq bir xarici şirkət tərəfindən maraq göstərilib. “200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılığa gəldik. Bu, çox gözəl, önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər üçün də bu, bir siqnaldır”, – deyə Prezident vurğulayıb.

İndi dünyanın müxtəlif enerji şirkətlərinin öz prioriteti üçün bərpaolunan enerjini təsbit etdiklərini deyən Prezident İlham Əliyev bildirib. “Biz onları da dəvət edirik, gəlsinlər, investisiya qoysunlar. Bizim şaxələndirilmiş enerji şəbəkəmiz var, bizim bütün qonşu ölkələrlə Türkiyə, Rusiya, İran, Gürcüstanla yüksək gərginlikli enerji xətlərimiz var. Biz istənilən yerə enerjini ötürə bilərik. Məsələn, biz İrana indi ixrac edirik, Rusiyaya həm ixrac edirik, həm idxal edirik, amma daha çox ixrac edirik. Eyni zamanda, Gürcüstana, Türkiyəyə ixrac edirik”.

Son xəbərlər
Digər xəbərlər