İlin sonunadək bütün Azərbaycan ərazisində yüksək sürətli internet olacaq.
Bu barədə bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovativ Ekosistem şöbəsinin rəhbəri Yevgeniya Bikmurzina Bakıda keçirilən “M360 Eurasia 2024” beynəlxalq konfransında panel müzakirələrində deyib.
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səyləri sayəsində ilin sonunadək bütün ölkə yüksək sürətli internetlə əhatə olunacaq. Biz bölgələrə gedirik və orada insanlara rəqəmsal bacarıqları öyrədirik. Həmçinin bu məqsədlə uşaq evlərinə, təcridxanalara baş çəkirik”, – o deyib.
Onun sözlərinə görə, daha çox texnoloji iş yerlərinin açılması təbii olaraq insanlarda təkcə müxtəlif korporativ və ya dövlət qurumlarında deyil, həm də kiçik texnologiya şirkətlərində karyera qurmağa maraq oyadacaq.
Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda “M360 Eurasia 2024” beynəlxalq konfransı keçirilir.
Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyici qurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarının rəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digər iştirakçılar bir araya gəlib.
“M360 Eurasia” Bakıda ikinci dəfədir ki, keçirilir.