Çinin “Zhejiang Petroleum & Chemical” şirkəti ölkədə neft məhsullarını ixrac etmək icazəsi verilmiş ilk özəl müəssisə oldu.
“Xinhua” xəbər verir ki, ölkənin cənub-şərqindəki Jeciang əyaləti hökumətinin verdiyi məlumata görə, şirkət Sinqapura 37 min tondan artıq benzin yüklənmiş gəmi yola salıb. Cari ildə şirkətin kvotası 1 milyon tondur.
Məlumata görə, bu tədbir ölkədə koronavirus epidemiyası üzündən ifrat dərəcədə artmış neft məhsulları ehtiyatlarını bir qədər boşaltmaq üçün kara gələ bilər.
Qeyd edək ki, adıçəkilən əyalətdə “Zhejiang Petroleum & Chemical” şirkətinin fəaliyyət göstərdiyi pilot sərbəst ticarət zonası ölkədə neft-qaz müəssisələrinin ən böyük klasteri sayılır. Mart ayının sonunda hökumət həmin bölgədə neft-qaz sənayesinin bütöv istehsal silsiləsinin, o cümlədən ixracatın tətbiqi üçün bir sıra addımlar təsdiq edib.