16 C
Baku
Thursday, March 28, 2024

İlk kommersiya kvant kompüteri təqdim edildi

“IBM” şirkəti yanvarın 8-11-də Las-Veqasda keçirilən “CES 2019” istehlak elektronikası sərgisində ilk kommersiya kvant kompüterini nümayiş etdirib. İyirmi kubitlik “IBM Q System One” sistemi özündə kvant və klassik hesablama komponentlərini birləşdirir.

Banker.az “ICTnews”-a istinadən yazır ki, böyük ölçüyə malik “IBM Q System One” laboratoriyalardan kənarda işləyən ilk sistemdir. Şirkət nümayəndələrinin sözlərinə görə, kompüter kvant hesablamalarının kommersiya istifadəsinə verilməsi istiqamətində böyük addımdır.

Məlumata görə, sistemin xarici görünüşü üzərində məşhur dizaynerlər çalışıb. İstehsalçı nümayəndələrinin fikrincə, bu, əsl sənət əsəridir. “IBM Q” tərəfləri 3 metr təşkil edən hava keçirməz kub şəklindədir. Hər şey fantastik film dekorasiyasını xatırladır.

“IBM Q System One” kvant kompüterinin satışa çıxarılma müddəti və qiyməti barədə məlumat verilmir.
Qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.

Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daim azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

Son xəbərlər
Digər xəbərlər