13 C
Baku
Wednesday, November 26, 2025

İlk üç rübdə “Meqa Sığorta”nın xalis mənfəəti 11% azalıb

“Meqa Sığorta” ASC-nin 2025-ci ilin ilk üç rübündə xalis mənfəəti illik müqayisədə 3,37 milyon manatdan 3 milyon manata qədər azalıb, yəni illik 10,8% azalma müşahidə olunub.

Banker.az xəbər verir ki, şirkətin gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 565 min manat azalaraq 25,93 milyon manata düşüb. Bu gözlənilən idi. Belə ki, Mərkəzi Bankın təqdim etdiyi III rüb üzrə göstəricilərdə “Meqa Sığorta”nın yığımları əvvəlki ilin eyni dövründəki 27,35 milyon manatdan 25,69 milyon manata düşdüyü halda, ödənişləri 10,49 milyon manatdan 11,84 milyon manata yüksəlmişdi.

Əsas əməliyyat gəlirləri 27,99 milyon manatdan 25,72 milyon manata enərək 8,1% azalma göstərib. İnvestisiya gəlirləri isə 1,88 milyon manatdan 2,07 milyon manata yüksələrək 10% artım qeyd edib. Xalis sığorta ehtiyatlarının dəyişməsi 4,08 milyon manat mənfi göstəricidən 2,46 milyon manat mənfəətə yaxınlaşaraq xeyli yaxşılaşıb.

Xərclər baxımından, “Meqa Sığorta”nın ümumi xərcləri cüzi fərqlə 22,28 milyon manatdan 22,18 milyon manata enib. Əsas əməliyyat xərcləri 13,73 milyon manatdan 13,49 milyon manata düşərək 1,8% azalma göstərib. İşlərin aparılması xərcləri isə 8,52 milyon manatdan 8,64 milyon manata yüksəlib.

Nəticədə, şirkətin maliyyə mənfəəti 4,21 milyon manatdan 3,75 milyon manata qədər azalıb ki, bu da təxminən 10,9% geriləmə deməkdir. Mənfəət vergisi 842 mindən 746 min manata enib.

Son xəbərlər
Digər xəbərlər