2022-ci ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 49 milyon dollar, əsaslı xərclərə isə 9 milyon dollar vəsait xərclənmişdir.
Bu barədə Banker.az-a BP Azərbaycan-dan bildirilir.
Martın 23-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınmasını qeyd etdi.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 516 milyon tondan çox (3,87 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5087 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 14,1 milyon ton (təxminən 107 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 148 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.
BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.