“Tesla”nın qurucusu İlon Mask şirkətin konfransı zamanı “Apple”ın siyasətini iki dəfə tənqid edib. Xüsusilə, milyarder “iPhone” istehsalçısının üçüncü tərəf cihazlar və xidmətlər üçün tətbiq etdiyi məhdudiyyətlərdən şikayətlənib.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Maskın sözlərinə görə, “Apple” rəqiblərini məğlub etmək üçün texnologiyası ətrafında “divar” tikir.
Tədbir zamanı Maskdan “Tesla”nın şarj stansiyalarının digər avtomobillərə xidmət edib-etməyəcəyi soruşublar. “Vurğulamaq istəyirik ki, bizim məqsədimiz dayanıqlı enerji inkişafına dəstək olmaqdır. Biz bəzi şirkətlər kimi “divar” tikmək və ondan rəqibləri “döymək” üçün istifadə etmək niyyətində deyilik”, – deyə sahibkar suala cavab verib.
Bununla yanaşı, “Tesla”nın tədarük zəncirinə gəldikdə də Mask “Apple”ı tənqid edib. O, “Mac” və “iPhone” akkumulyatorlarında kobaltdan istifadə edildiyini qeyd edib. “Tesla”nın qurucusu dəmir-fosfat batareyalarda bu materialdan istifadə etmədiyini bildirib.
“CNBC”nin verdiyi məlumata görə, Konqo Demokratik Respublikası da daxil olmaqla bir sıra ölkədə uşaq əməyindən istifadə edilərək kobalt istehsal olunur. Xatırladaq ki, daha əvvəl “Telegram”ın yaradıcısı Pavel Durov “Apple” cihazlarının istifadəçilərini “rəqəmsal qullar” adlandırıb.