26 C
Baku
Wednesday, July 17, 2024

İlon Mask dünyanın ən varlı adamı statusunu geri qaytarıb – Forbes

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri olan amerikalı sahibkar İlon Mask yenidən dünyanın ən varlı adamı olub. Banker.az xəbər verir ki, bu barədə “Forbes” jurnalının çərşənbə axşamı günü dərc etdiyi reytinqdə deyilir.

Nəşrin Bakı vaxtı ilə saat 14:00-da olan hesablamalarına görə, Maskın sərvəti 203.4 milyard dollardan çoxdur. Reytinqdə ikinci sırada 197 milyard dollar sərvəti olan “Amazon”un qurucusu Ceff Bezos dayanır. İlk üçlüyü 174.9 milyard dollar varidatla “LVMH” (“Louis Vuitton Moet Hennessy”) şirkətlər qrupunun baş direktoru Bernar Arno tamamlayır.

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts dördüncü (131 milyard dollar), “Facebook”un rəhbəri Mark Çukerberq isə reytinqdə beşinci yer alır (126 milyard dollar).

Dünyanın ən varlı adamları reytinqinin ilk onluğuna həmçinin “Google” korporasiyasının qurucuları Larri Peyc (120.7 milyard dollar) və Serqey Brin (116.3 milyard dollar), “Oracle” şirkətinin təsisçilərindən biri Larri Ellison (119.6 milyard dollar), dünyaca məşhur olan investor Uorren Baffet (101.5 milyard dollar) və Hindistanın “Reliance Industries” holdinqinin sahibi Mukeş Ambani (98.6 milyard dollar) daxil olub.

Qeyd edək ki, “Bloomberg” İlon Maskın sərvətini 213 milyard dollar olaraq qiymətləndirir. “Tesla” şirkəti 2003-cü ildə qurulub və əvvəllər “Tesla Motors” adını daşıyıb.

İnkişafının ilk mərhələsində şirkət yalnız elektromobil üzərində ixtisaslaşıb, lakin sonralar günəş batareyaları və digər enerji tutumlu sistemlərin istehsalı ilə məşğul olmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər