Dünyanın ən zəngin iş adamı İlon Mask (“Forbes” onun sərvətini 257.6 milyard dollar dəyərində qiymətləndirir) “Tesla”nın iki yeni məhsulunun prototiplərini nümayiş etdirib: robotaksi (Cybercab) və pilotsuz robofurqon (Robovan).
İş adamı yeni məhsulların təqdimat mərasimini Kaliforniyada “Warner Bros” kinostudiyasında keçirib. Avtomobil 2027-ci ilə qədər istehsala buraxılacaq. Onun dəyəri 30 000 dollardan az olacaq və digər elektrik avtomobillərindən fərqli olaraq, onu induktiv (kabelsiz) şəkildə yükləməyə qoymaq mümkün olacaq.
Maskın sözlərinə görə, robofurqon eyni anda 20 nəfəri daşıya biləcək. Tədbirdə həmçinin insanabənzər “Optimus” robotları, eləcə də onların gündəlik işlərlə məşğul olduqlarını əks etdirən videoçarx nümayiş etdirilib.
“Reuters” sənaye nümayəndələrinə və “Tesla”nın keçmiş işçilərinə istinadən yazıb ki, Maskın robotaksisindəki süni intellekt texnologiyası “qara qutu” risklərini daşıyır. Həmsöhbətlərdən biri agentliyə bildirib ki, süni intellekt texnologiyalarının özəllikləri uğursuzluqların nədən qaynaqlandığını başa düşməyi və qəzalardan qorunmağı çətinləşdirir.