İlon Maskın “X” sosial şəbəkəsi istifadəçilərin qeydiyyatı üçün pul almağa başlayacaq.
Bu barədə “Fortune” şirkətə yaxın mənbələrə istinadən məlumat verib.
“X”də qeydiyyat hələ də pulsuzdur, lakin mediada yayılan məlumatlara görə, bu, yaxın aylarda dəyişə bilər. Sosial şəbəkə hər yeni istifadəçidən hesab yaratmaq üçün 8 dollar (təxminən 14 manat) almağı planlaşdırır. Yeniliyin 2025-ci ilin fevralında bütün dünyada tətbiq ediləcəyi gözlənilir.
Qeydiyyat üçün pul ödəməyən istifadəçi post yaza və şərh edə bilməyəcək – ona yalnız oxuma rejimi əlçatan olacaq. Pullu qeydiyyat üçün bonus olaraq istifadəçilərə ayrıca 8 dollar dəyərində olan biraylıq “X Premium” abunəliyi hədiyyə ediləcək. Bu, reklamları aradan qaldırır, daxili “Grok” neyron şəbəkəsinin imkanlarını genişləndirir və təsdiqlənmiş şəxsiyyət (mavi) nişanı əlavə edir.
Bildirilir ki, “X” saxta hesablar və botlarla mübarizə aparmaq üçün bu addımı atıb. Yenilik 2023-cü ildən Yeni Zelandiya və Filippində sınaqdan keçirilir, burada istifadəçilər qeydiyyatdan başlayaraq ildə 1 dollar ödəməlidirlər, əks halda sosial şəbəkə yalnız oxuma rejimində əlçatan olur.
Bundan əlavə, İlon Mask lentdə göstərilən postların tarix və vaxtını gizlətməyi planlaşdırır. Onun fikrincə, bu, sosial şəbəkənin interfeysini təkmilləşdirəcək və təmizləyəcək.
“X” nümayəndələri hələlik pullu qeydiyyatın tətbiqi və nəşr tarixlərinin gizlədilməsi planlarını şərh etməyiblər.