Aprelin 4-də sürpriz bir həmlə ilə Twitter-in 9%-ini alan İlon Mask təxminən 20 gün davam edən mübahisəli prosesdən sonra bütün şirkətin sahibi oldu. İlkin olaraq satışa müqavimət göstərən Twitter-in İdarə Heyəti dünən $44 mlrd.-lıq təklifi qəbul etdi. Satış prosesinin ilin sonuna qədər yekunlaşacağı bildirilir. Bəs indi “Mavi Quş”u nə gözləyir?
Banker.az xəbər verir ki, İlon Maskın hədəflərinin aşağıdakılar olduğu bildirilir:
- Məcburi autentifikasiyanı müdafiə edir, spam və bot hesablarına qarşı müharibə aparacaq.
- O, ictimai Twitter-i birjadan çıxaracaq və onu öz şəxsi şirkətinə çevirəcək.
- O, məzmuna nəzarəti aradan qaldırmaq istəyir.
- Çoxdan gözlənilən redaktə (edit) düyməsini əlavə edəcək.
- “Twitter Blue” abunə sisteminə üstünlük verəcək.
Sosial media nəhəngi Korona epidemiyası və ABŞ Konqresinə basqından sonra nifrət nitqi və aldadıcı yazılara qarşı çox aktiv “bloklama” siyasəti həyata keçirir. Bu, şirkətin liberal baxışları təbliğ etməkdə və mühafizəkar dəyərlərə məhəl qoymamaqda ittiham olunmasına səbəb olur. Twitter-in ifadə azadlığı üçün uyğun mühit yarada bilmədiyi fikrini müdafiə edən Mask bunu təmin edəcəyinə söz verib. Maskın bu münasibəti onun nifrət nitqinə göz yumacağı ilə bağlı narahatlıq yaradır. Buna görə də ABŞ hökümətinin sosial media şirkətləri üçün qaydaları sərtləşdirəcəyi gözlənilir.
Şirkətin satışı ilə gündəmə gələn digər sual isə prezident kürsüsündə oturarkən Twitter-dən qovulan Donald Trampın vəziyyətidir. Bir vaxtlar sosial media proqramının ən təsirli üzvü olan Tramp qadağa aradan qaldırsa belə, Twitter-ə qayıtmayacağını bildirib.
Twitterdən qazanc əldə etmək istəyən İlon Maskın reklam gəlirləri yerinə abunə sisteminə üstünlük verməsi gözlənilir. Bu o deməkdir ki, istifadəçilər üçün pulsuz Twitter dövrü sona çata bilər.