İlon Maskın “Neuralink” startapı Dubayın “Vy Capital” fondunun rəhbərlik etdiyi bir qrup investordan 205 milyon dollar cəlb edib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bloomberg”in verdiyi məlumata görə, bu, şirkətin indiyədək aldığı ən böyük sərmayədir.
Qeyd edək ki, “Vy Capital” fonunu Aleksandr Tamas təsis edib. Ondan başqa maliyyə raundunda həmçinin “Google Ventures”, “DFJ Growth”, “Valor Equity Partners”, “Coinbase”in qurucularından biri Fred Ersam və digərləri iştirak edib.
“Bloomberg” qeyd edir ki, 2018-ci ildə “Neuralink” 51 milyon dollar, 2017-ci ildə isə 107 milyon dollar sərmayə cəlb edib. Bu pullar şirkətə qolları və ayaqları tam və ya qismən iflic olmuş insanlar üçün implant üzərində işini davam etdirməyə kömək edir.
Bundan əlavə, “Neuralink” bazara implantasiyadan sonra tamamilə görünməz hala gələn və məlumatları simsiz ötürən bir cihaz gətirməyi planlaşdırır. 2016-cı ildə qurulan “Neuralink” insan beyinə yerləşdirilən və kompüterə qoşulan çiplər yaradır. Gələcəkdə bu texnologiyanın Alçheymer və demensiya daxil olmaqla, bir çox nevroloji xəstəliklərin müalicəsinə kömək edəcəyi gözlənilir.
Mask yarandığı gündən bu şirkətə 158 milyon dollar sərmayə qoyub. “PitchBook” tədqiqat şirkəti bu il neyrointerfeys tərtibatçılarının 132 milyon dollar cəlb etdiyini yazır. Keçən il ərzində onlar 97 milyon dollar toplayıb.