İlon Maskın “xAI” şirkəti süni intellektdən istifadə edərək videoların yaradılması üçün alətlərin hazırlanması üzrə ixtisaslaşan “Hotshot” startapını alıb. Bu barədə “Hotshot” şirkətinin baş direktoru Aakaş Sastri “X” sosial şəbəkəsində yazıb.
2023-cü ildə yaradılan “Hotshot” əvvəlcə fotoşəkillərin redaktə vasitələrinin yaradılması ilə məşğul olub, lakin sonra diqqətini mətni videoya çevirən süni intellekt modellərinə yönəldib. Startap indiyədək üç model təqdim edib: “Hotshot-XL”, “Hotshot Act One” və “Hotshot”.
“Hotshot”un satın alınması “xAI”nin “OpenAI” və “Google” kimi şirkətlərlə video yaratmaq sahəsində rəqabət aparmaq niyyətindən xəbər verir. Layihənin saytındakı məlumata görə, xidmət 14 mart 2025-ci ildə video yaratmaq imkanını bağlayıb. İstifadəçilər yaradılan videoları platformadan martın 30-dək yükləyə bilərlər.
Xatırladaq ki, İlon Mask “xAI”nı rəsmi olaraq 2023-cü ilin iyulunda işə salıb. Həmin ilin noyabrında “xAI” sorğu əsasında mətn yaratmaq xidmətini – “Grok”u təqdim edib. 2025-ci ilin fevral ayında şirkət “Grok 3” modelini və “DeepSearch” rejimini buraxıb. Eyni zamanda, startapın şəkil generasiyası üçün süni intellekt modelləri var. Onların ən sonuncusu “Aurora”dır.