Ötən gün həm Türkiyədə, həm də yerli Azərbaycanın sosial mediasında İstanbul Böyük Bələdiyyə başqanı seçilməsi böyük müzakirələrə səbəb olub. İlk seçkinin nəticələri ləğv edilərək təkrar seçki təyin olunub. Təkrar seçkinin qalibi elə ilkdə olduğu kimi Əkrəm İmamoğlu oldu. O, əsas rəqibi hakim partiyanın təmsilçisi olan Binəli Yıldırıma qalib gəlib, özü də əvvəlkindən daha yaxşı nəticə ilə (54.21%).
Maraqlı məqam isə İmamoğlunun klassik mediadan daha çox sosial mediada rəqibi üstələməsi oldu. Bəs bu qalibiyyətdə marketinq nə qədər insanların seçimlərinə təsir edə bildi?
Bu barədə Azərbaycanda marketinq üzrə blogger olan Rafiq Hunaltay paylaşım edib.
Hunaltay bildirir ki, İstanbulun “meri” seçilmiş İmamoğlunun başdan sona tanınmış “Kapital Medya Group” hazırlayıb: “100-dən çox adam real time bütün məcralarda eyni anda iş qurublar. “Kapital Medya Marketing Türkiyə”, “Digital Age” kimi jurnalların, eyni zamanda “Brandweek”, “Uludag Ekonomi” zirvəsi kimi nəhəng tədbirlərin təşkilatçılarıdır.
Sözüm ona İmamoğlunun bütün mesajlarında sevgi, qucaqlaşma, hamının rəhbəri olmağa hesablanmış cümlələr marketinq məhsulu idi. AKP-nin əlindən bir çox “kozrları” ala bildi. Debatda ailə şəkli təklifi ilə xeyli rəğbət qazandı. Əsas məqsəd AKP-lilərin səsini almaq idi, CHP onsuz da bəyəndi, bəyənmədi səs verəcəkdi. O da marketinqdir, dostlar zatən Sizin tərəfi tutacaq.:) Qarşı tərəfə hədəflənən ancaq və ancaq pozitiv mesajlar göstərdi ki, insanlar artıq söyüş ritorikasından yorulub.”
Blogger bildirir ki, bu kampaniya ərzində müştərini çox yaxşı analiz edilib, ona lazım olan mesajlar verildi.
Bəs qarşı tərəf nə etdi?
“Valiyə “it” deməsi misalı üzərindən ən kritik son 10 gündə ancaq buna basa-basa vurğu etdi- yəni rəqibi qaralama. İncə o vaxt bu oyuna gəlmişdi, amma İmamoğlu gəlmədi. Üstəlik son gündə Türkiyənin həssas yeri olan APO məsələsinin dövlət kanalında adının hallandırılması elə AKP-lilərin də xoşuna gəlmədi.
Maraqlı olan odur ki, İmamoğlu kampaniyasında rəqibin prosesdə buraxdığı səhvlərdən tutub şişirtmədi. Ancaq görüşlər, görüşlər. Müştərinin beynindən çıxmadı, adını hallandırdı. Bizim misalda müştəri seçicidir və ən nəhayət satışın sonlandırılması mərhələsi- seçiləndən sonrakı addımlar. Dünən eyni anda bütün sosial media platformalarında möhtəşəm sinerji şəklində mesajlar verildi, avtobusun içindən videolar falan və ən son Beylikdüzü mitinqində çıxışı. O çıxışda da qisas , “gördüz?” Ritorikası yox idi. Qısacası mütəmadi hücum edən, rəqibi aşağılayan, onun zəif nöqtələrinə basıb qabardan, neqativ, təhqir insanları demək ki, yorub. İmamoğlunun komandası bu ehtiyacı çox doğru görüb çəkici lazım olan yerə vurdu. İşin içinə marketinq girəndə belə olur”- deyə, Hunaltay yazır.