10 C
Baku
Wednesday, April 16, 2025

IMF 2030-cu ilə qədər Azərbaycanın dövlət borcunun səviyyəsinin sabit olacağını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın ümumi dövlət və dövlət zəmanətli borcu ümumi daxili məhsulun (ÜDM) 28 %-ni təşkil edəcək.

IMF-nin məlumatına əsasən, bu göstəricinin ortamüddətli perspektivdə sabit səviyyədə qalacağı gözlənilir.

Proqnozlara görə, 2026-cı ildə dövlət və dövlət zəmanətli borcun ÜDM-dəki payı 28,9 %, 2027-ci ildə 29 %, 2028-ci ildə 29,1 %, 2029-cu ildə isə 29,3 % olacaq.

Yalnız dövlət borcu (zəmanətlər istisna olmaqla) nəzərə alındıqda isə bu göstəricinin sabit qalacağı bildirilir. Belə ki, 2025-ci ildə dövlət borcunun ÜDM-dəki payı 21,4 %, 2026-cı ildə 22,4 %, 2027-ci ildə 22,7 %, 2028-ci ildə 23,1 %, 2029-cu ildə isə 23,5 % təşkil edəcək.

IMF-nin məlumatına əsasən, 2024-cü ildə ümumi dövlət və dövlət zəmanətli borcun həcmi ÜDM-in 27,6 %-nə bərabər olub.

Rəsmi statistikaya görə, bu il yanvarın 1-nə Azərbaycanın dövlət borcu 27,43 milyard manat təşkil edib. Bunun 8,77 milyard manatı (5,129 milyard ABŞ dolları) xarici borcun payına düşür ki, bu da ÜDM-in 6,9 %-i qədərdir. Daxili borcun həcmi isə 18,7 milyard manat və ya ÜDM-in 14,8 %-ni təşkil edir.

Xarici borcun ödəniş müddətlərinə görə strukturuna baxdıqda, 49 %-nin növbəti 5 il ərzində, 44,9 %-nin 5 ildən 10 ilə qədər, 6,1 %-nin isə 10 ildən artıq müddətdə ödənilməsi planlaşdırılır.

Kreditorlar üzrə bölgüyə əsasən, xarici borcun 63,3 %-i çoxtərəfli maliyyə institutlarının, 27 %-i beynəlxalq bazarlarda yerləşdirilmiş avroistiqrazların, 9,7 %-i isə ikitərəfli maliyyə institutlarının payına düşür. Azərbaycanın ən böyük xarici kreditoru Asiya İnkişaf Bankıdır (35,1 %). Onu avroistiqraz sahibləri (27 %) və Dünya Bankı (15,8 %) izləyir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər