“Azərbaybaycan Mərkəzi Bankı (AMB) pul-kredit siyasətinin ötürülmə mexanizmini daha da gücləndirməlidir”.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozunda bildirilib.
Qeyd edilib ki, 2022-ci ildə təqdim edilmiş yeni likvidlik idarəetmə alətləri, siyasət faiz dərəcəsinin banklararası faiz dərəcəsinə ötürülməsini yaxşılaşdırmağa kömək edib. Təminatsız banklararası bazarda aktivlik artıb, birgünlük təminatsız əməliyyatlar üzrə orta faiz dərəcəsi (1D AZIR) 2023-cü ilin noyabrından etibarən AMB-nin faiz dəhlizinin daxilində olub. AMB həmçinin pul-kredit siyasəti üzrə kommunikasiya sahəsində də irəliləyiş əldə edib, o cümlədən öz proqnozlarını dərc etməyə başlayıb. Səlahiyyətli orqanlar bu nailiyyətləri və pul siyasətinin ötürülmə mexanizmini daha da gücləndirməyə davam etməlidirlər: “Buna təminatlı bazarlarda banklararası əməliyyatların sadələşdirilməsi və pul siyasəti kommunikasiyasının səviyyəsinin artırılması da daxildir”.
IMF vurğulayıb ki, bu addımlar pul-kredit siyasətinin effektivliyini artırmalı, milli valyutaya inamı gücləndirməli və orta müddətdə qarışıq inflyasiya hədəfləmə rejiminə keçid üçün zəmin yaratmalıdır. Eyni zamanda, hökumətin borc idarəetməsi əməliyyatları ilə AMB-nin likvidlik idarəetməsi arasında daha sıx koordinasiya da tələb olunur.