Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan hökumətini özəl investisiyaların cəlb edilməsi, fiskal risklərin minimuma endirilməsi və islahatların üç əsas istiqamətinin həyata keçirilməsi üçün şərait yaratmağa davam etməyə çağırır.
IMF qeyd edir ki, “Azərbaycan 2030” strateji prioritetlərində investisiya fəallığında, iqtisadi artımda və iş yerlərinin yaradılmasında özəl sektorun mühüm rol oynadığı vurğulanır. Bununla bağlı hökumət artıq biznesin aparılması və lisenziyalaşdırma prosedurlarını sadələşdirib, eləcə də maliyyə bazarlarının inkişafı istiqamətində addımlar atıb.
Fond əsas islahatlar arasında dövlətin iqtisadiyyatda iştirakının azaldılmasını və dövlət müəssisələrinin səmərəliliyinin artırılmasını xüsusi qeyd edir.
“Bununla əlaqədar olaraq, 2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqi (AIH), 2024-cü ildə isə Azərbaycan Nəqliyyat və Rabitə Holdinqi (AZCON) yaradılıb. AIH artıq bir sıra tədbirlər həyata keçirib – müşahidə şuraları yaradılıb, KPI tətbiq edilib, müstəqil auditlər aparılır, maliyyə hesabatlarının keyfiyyəti yaxşılaşdırılıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatınin icmalı əsasında dövlət müəssisələrində korporativ idarəetmənin yaxşılaşdırılması, o cümlədən aktivlərə sahiblik siyasətinin işlənib hazırlanması, bərabər rəqabət şəraitinin təmin edilməsi, eləcə də direktorlar şuralarına müstəqil üzvlərin daxil edilməsi, şəffaflığın və məlumatın açıqlığının artırılması, özəlləşdirmənin yol xəritəsinin həyata keçirilməsi üzrə fəaliyyət planı hazırlanıb”, – hesabatda deyilir.
Korrupsiyaya qarşı mübarizə siyasətinin və şəffaflığın gücləndirilməsində IMF irəliləyiş olduğunu qeyd edir, belə ki, Azərbaycan 2023-cü ildə Açıq Büdcə İcmalında 125 ölkə arasında 23-cü yeri tutub. Bununla belə, fondun dəyərləndirməsinə görə, bu sahədə əldə edilmiş nəticələri qorumaq üçün maraqların toqquşması haqqında qanunun qəbul edilməsi, dövlət satınalmalarında daha şəffaf və rəqabətli prosedurların tətbiqi, vəzifəli şəxslər üçün aktivlərin bəyan edilməsi sisteminin işə salınması, MONEYVAL tövsiyələrinin yerinə yetirilməsi, o cümlədən benefisiarların mərkəzləşdirilmiş reyestrinin yaradılması, çirkli pulların yuyulmasına qarşı mübarizənin gücləndirilməsi və sanksiyaların sərtləşdirilməsi zəruridir.
IMF həmçinin özəl sektorun maliyyəyə çıxışını yaxşılaşdırmaq zərurəti görür.
“Bank sistemində əldə edilmiş sabitliyə baxmayaraq, ölkənin maliyyə və fond bazarları zəif inkişaf edir. Bu, biznesin və özəl investisiyaların artımını məhdudlaşdırır”, – Valyuta Fondunun iqtisadçıları hesab edirlər.
Bununla əlaqədar, IMF özəl sektorda korporativ idarəetmənin təkmilləşdirilməsini, mühasibat uçotu və auditin keyfiyyətinin yüksəldilməsini, qanunvericilik bazasının modernləşdirilməsini, kiçik və orta müəssisələrin (KOB) maliyyələşdirməyə daha geniş çıxışının təmin edilməsini tövsiyə edir.
Fond qeyd edir ki, 2024-2026-cı illər üçün olan maliyyə sektorunun inkişaf strategiyası düzgün şəkildə bu maneələrin aradan qaldırılmasına yönəlib.