Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildə Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) ÜDM-in 7,8%-i həcmində profisitli olacağını proqnozlaşdırıb.
Bu barədə Fondun məlumatında bildirilib. Başqa sözlə, digər proqnozlar nəzərə alınmaqla IMF 2025-ci il üzrə ölkədə CƏB-in profisiti ilə bağlı gözləntilərini 6,1 mlrd. dollar həcmində müəyyən edib.
Bununla belə, IMF növbəti illərdə CƏB-in profisitinin azalacağını, 2028-2029-cu illərdə isə cari əməliyyatlar balansında kəsir yaranacağını proqnozlaşdırıb.
Fond hesab edir ki, 2026-cı ildə Azərbaycanda CƏB-in profisiti 4,9%-ə, 2027-ci ildə isə 1,3%-ə enəcək. IMF 2028-ci ildə CƏB-in kəsirinin 1,7%, 2029-cu ildə isə 2,5%-ə kimi artacağını proqnozlaşdırıb.
Qeyd edək ki, 2024-cü il üzrə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 4,7 mlrd. dollar təşkil edib. Azərbaycan Mərkəzi Bankı 2025-ci il üzrə isə CƏB-in profisitini 5,5 mlrd. dollar həcmində proqnozlaşdırıb.