Dünya neft bazarında qiymət volatilliyi, qlobal proteksionizm və geosiyasi gərginlik 2018-ci ildə inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafı üçün əsas risk amilləri olacaq. “RİA Novosti” agentliyinə istinadən, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Valyuta Fondunun (IMF) Avropa Departamentinin müdir müavini Yorq Dekressen (Jorg Decressen) bildirib.
Londonda Avropa regionu üzrə payız iqtisadi proqnozlarını açıqlayan Y.Dekressen qeyd edib ki, “inkişaf etməkdə olan Avropa ölkələrinin maliyyə bazarlarında hazırda risk premiyası çox aşağıdır. Buna görə də, gələcəkdə bu bazarlarda volatillik arta bilər. Nəticədə, bu ölkələrdən kapital axını güclənə, bu isə öz növbəsində iqtisadi artıma mənfi təsir göstərə bilər”.
Avrozona iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayan IMF nümayəndəsi əlavə edib ki, 2017-ci ildə bölgədə iqtisadi artım 2,4%, 2018-ci ildə 2,1%, 2019-cu ildə isə 1,9% təşkil edəcək. Xatırladaq ki, IMF-in əvvəlki proqnozlarında iqtisadi artım göstəriciləri 2017-2019-cu illər üçün illik 1,9% təşkil edib.