12 C
Baku
Saturday, November 23, 2024

IMF Qafqaz və Mərkəzi Asiyada inflyasiyanın qarşısının alınması yollarını açıqlayıb

Qafqaz və Mərkəzi Asiya (CCA) ölkələrində uçot dərəcəsinin 1 faiz bəndi artırılması birinci ildə inflyasiyanın 0,5 faiz bəndi azalması ilə nəticələnir.

Region ölkələrinin inflyasiya təzyiqlərinin qarşısını almaq və inflyasiya gözləntilərini dəstəkləmək bacarığı onların pul-kredit siyasətinin etibarlılığından və effektivliyindən asılıdır.

“Ötən əsrin 90-cı illərində müstəqillik əldə etdikdən sonra CCA regionu ölkələri pul-kredit siyasətlərinin modernləşdirilməsində mühüm irəliləyişlər əldə ediblər. CCA mərkəzi bankları qanunvericilik bazalarını gücləndirib və de-yure geniş müstəqillik müəyyənləşdiriblər. Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan inflyasiya hədəfləmə rejiminə keçirlər. Azərbaycan, Tacikistan və Türkmənistanın mərkəzi bankları isə əməliyyat hədəf göstərəcisi kimi valyuta məzənnəsinə güvənirlər. Bununla belə, COVID-19-dan sonra inflyasiyadakı sıçrayış mövcud əsasların məhdudiyyətlərini üzə çıxarıb və CCA ölkələrində pul-kredit siyasətinin effektivliyinin artırılması zərurəti barədə yeni siyasi müzakirələrə səbəb olub”, – araşdırmada deyilir.

IMF iqtisadçılarının fikrincə, qiymət sabitliyi pul-kredit siyasətinin əsas məqsədi olmalıdır (ən azı ortamüddətli perspektivdə). Əksər mərkəzi banklar qiymət sabitliyini əsas məqsəd kimi qəbul edirlər və pul-kredit siyasətinin ortamüddətli real dəyişikliklərə təsir etmək imkanının məhdud olduğunu danmırlar.

“Türkmənistan sabit məzənnə rejiminə malik yeganə ölkədir, lakin kapitala nəzarət pul-kredit siyasətində müəyyən sərbəstlik təmin edir. Azərbaycanda valyuta məzənnəsi de-yure sərbəst üzəndir, lakin de-fakto ABŞ dolları qarşısında sabitləşib”, – araşdırma müəllifləri qeyd edirlər.

Onların fikrincə, CCA-nın bəzi mərkəzi banklarının çevik, bazara əsaslanan məzənnə ilə dəstəklənən inflyasiya hədəfləmə rejimləri altında müəyyən inflyasiya səviyyəsinə nail olmaq mandatı var. Məsələn, 2000-ci illərin ortalarından etibarən Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və ən son Özbəkistan inflyasiya hədəfləmə rejimlərinə keçib.

Regionda aparılan təhlilə əsasən, məzənnənin 1 faiz bəndi artımı ilk ildə inflyasiyanın 0,3 faiz bəndi azalması ilə nəticələnir.

IMF faiz dərəcələrinin dəyişməsinin iqtisadiyyata təsirini məhdudlaşdırmaqla pul-kredit siyasətinin effektivliyini azaldan struktur amillərini sadalayıb. Onların arasında region ölkələrində pul-kredit siyasətinin faiz dərəcələrinə, bank kreditləşməsinə, aktivlərin dəyərlərinə, balans hesabatlarına və inflyasiya gözləntilərinə təsirini zəiflədən dayaz maliyyə bazarları var. Digər amil isə faiz dərəcəsinin dəyişməsinin bəzi təsirlərini kompensasiya edə bilən məzənnənin idarə edilməsindən və valyuta intervensiyalarından daimi asılılıqdır. Təsir göstərən digər amil son on ildə tədricən azalmasına baxmayaraq, ABŞ dollarının iqtisadiyyatda hələ də yükəsk istifadə göstəricisi və ya dollarlaşmadır.

Bundan əlavə, IMF region üçün üç əsas prioritet müəyyən edib. Birincisi, Fondun iqtisadçıları mərkəzi bankların əməliyyat müstəqilliyinin genişləndirilməsini təklif edirlər. Hökumətin mərkəzi bankların qərarlarına və əməliyyatlarına təsiri onların inflyasiyanın qarşısını almaq üçün lazımi tədbirlər görməsini çətinləşdirə bilər. Konkret prioritetlərə vergi-büdcə siyasətinin deflyasiyanı dəstəkləməsini, mərkəzi bankın idarə heyəti üzvlərinin əksəriyyətinin icra öhdəliyinin olmamasını təmin etmək, eləcə də mərkəzi banklar tərəfindən subsidiyalaşdırılmış kreditləşmənin və digər büdcədənkənar dövlət xərcləri üzrə mandatların ləğvi daxildir.

İkincisi, xarici şokların təsirini azaltmaq və pul-kredit siyasətini daxili ehtiyaclara yönəltməyə kömək etmək üçün daha çox məzənnə çevikliyi təklif edilir. Bu, yalnız həddindən artıq məzənnə dəyişkənliyini aradan qaldırmaq və valyuta alışı və satışının bərabər balansını təmin etmək üçün valyuta müdaxilələrinin məhdudlaşdırılmasını tələb edir.

Üçüncüsü, əlaqələrin və şəffaflığın gücləndirilməsi yolu ilə mərkəzi bankın etimadının artırılması zəruridir. Mərkəzi bankların şəffaflaşdırılmasında son irəliləyişlərə baxmayaraq, aydın kommunikasiya çətin olaraq qalır. CCA ölkələrinin mərkəzi bankları qərarlarının siyasi məqsədlərə çatmağa necə kömək etdiyini izah etmək üçün aydın və uzaqgörən yanaşma işləyib hazırlamaq səylərini davam etdirməlidirlər.

Son xəbərlər
Digər xəbərlər