Cəbrayıl rayonunda mina hadisəsi baş verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 2-də Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.
Məlumata əsasən mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.
***
Daxili İşlər Nazirliyi (DİN) bu gün Cəbrayıl rayonunun Mehdili kəndində baş verən mina partlayışı hadisəsi barədə məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxan 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu piyada əleyhinə minaya düşüb. Tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyyə edilməklə xəstəxanaya çatdırılıb.
Araşdırmalar davam etdirilir.